Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən dörd il ötür.
2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Həmin vaxt Lələtəpə uğrunda gedən döyüşlərdə şücaət göstərənlərdən biri də tank komandiri, Ağstafa rayonunun Yuxarı Göycəli kənd sakini, ehtiyatda olan hərbçi, qazi Məhərrəm Abdullayev olub. 

O, “T-72” tankından açdığı sərrast atəşlə düşmənin mina batareyasını şəxsi heyəti ilə birlikdə məhv edib.

Aprelin 4-də isə düşmənin açdığı artilleriya atəşi nəticəsində Məhərrəm Abdullayev və ekipajı yaralanıb. Buna baxmayaraq, o, tankını və döyüş yoldaşlarını ehtiyat mövqeyə çəkməyi bacarıb. Tank komandirinə döyüşlərdə göstərdiyi şücaətə görə “Həzi Aslanov” ləqəbi verilib.

Aprel döyüşləri ona arzusunu reallaşdırmaq ücün əsl fürsət olur. Özünün dediyi kimi, Xocalı soyqırımı hər bir azərbaycanlı kimi onu da narahat edirdi. Odur ki, Aprel döyüşləri onun yaddaşında əsl qisas günü kimi qalır.

Astarainfo.az