İran Hərbi Dəniz Qüvvələrinin təlimində azı 19 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 
Astarainfo.az  xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

***11:14
İranın Hərbi Dəniz Qüvvələri (HDQ) “Kənarək” gəmisinin təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğunu təsdiqləyib.

Astarainfo.az  “İrna” informasiya agentliyinə istinadla xəbər verir ki, insident zamanı yaralananlar İmam Əli adına xəstəxanaya yerləşdiriliblər. İranşəhr şəhər Tibb Universitetin rektoru Mehran Amini bildirib ki, xəstəxanaya gətirilən 16 nəfərdən biri dünyasını dəyişib, 3 nəfər ambulator müayinədən sonra evə buraxılıb, 12 nəfər isə hələ də səhiyyə müəssisəsindədir. Onlardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

***08:58
İran hərbi dəniz qüvvələrinə məxsus “Konarak” gəmisi təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulub.

Bunu “Tasnim” xəbər agentliyinin jurnalisti Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb:
“Deyilənlərə görə, “Jamaran” gəmisi tərəfindən atılan raket səhvən logistika gəmisi olan “Konarak” gəmisinə dəyib”.
Onun sözlərinə görə, hələlik rəsmi mənbələr xəbəri təsdiqləməyiblər. O, həmçinin ölən və yaralananların sayının bilinmədiyini deyib.
Digər bir jurnalist Həmid Hacipur isə öz “Twitter” səhifəsində yazıb ki: “Çabahar xəstəxanasından verilən məlumata görə, bu hadisədə 40 nəfər ölüb. Onlardan 22 nəfərin cənazəsi tapılıb”.
Hələlik rəsmi xəbər saytları bununla bağlı xəbər verməyiblər.

Astarainfo.az