Ölkəmizdə aqrar sahədə çalışan məhsul istehsalçılarına verilən dövlət dəstəyi, ayrılan subsidiyalar cənub bölgəsində çəltikçiliyin inkişafına da öz müsbət təsirini göstərib. Sevindirici haldır ki, ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər.
AZƏRTAC xəbər verir ki, Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliyi ilə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Haşimi”, “Sədri”, “Ənbərbu”, “Həsəni”, “Şirazi” çəltik növlərindən olan düyü öz ətri, dadı və bərəkəti ilə seçilib.
May ayının əvvəlindən Astarada çəltik əkininə başlanılıb. 20 ildən çoxdur çəltik əkini ilə məşğul olan rayonun Artopa kənd sakini, fermer Araz Rzayev bu il 12 hektar sahədə bu məhsulu yetişdirəcək. O, həmçinin Astara rayon Fermerlər Şurasının sədridir. Dövlət tərəfindən lazımi qayğı ilə əhatə olunduqlarını deyən fermer Araz Rzayev bildirib ki, son illər ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi Astarada uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar açıb: “Prezidentin kəndlilərin torpağa qayıtması və əkib-becərməsi üçün imzaladığı sərəncamlar biz fermerləri daha da ruhlandırır. Bu sahəni inkişaf etdirmək üçün bizə subsidiyalar da verilir. Biz əvvəllər hektara 90 manat alırdıqsa, bu ildən 240 manat verilir”.
Öz keyfiyyəti ilə seçilən yerli istehsala tələbat artdıqca torpaq mülkiyyətçiləri əkin sahələrini ildən-ilə genişləndirirlər. Araz Rzayev çəltik sahəsinə toxumların səpilməsi üçün Artopa və qonşu kəndlərdən 35-ə yaxın işçi cəlb edib: “Ötən il 22 ton məhsul götürdüm. Əkdiyim sortlar “Haşimi”, “Sədri” və “Şirazi” toxumları idi. Bu sortlar brend hesab olunur. Bu il də suyu vaxtında verə, sahələri gübrələyə bilsək 50 ton məhsul götürəcəyimizi düşünürəm. Bu mövsüm hava şəraitinin əlverişli keçməsi də bunu deməyə əsas verir”.
Astarada çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Ərazidən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır. Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ramazan Səfərovun sözlərinə görə, rayonda il ərzində orta məhsuldarlıq 45 sentner təşkil edir: “Ötən təsərrüfat ilində rayonumuzda 237 hektarda çəltik əkini aparılmışdır. 997 ton məhsul əldə edilmiş, hər hektardan 42 sentner düyü yığılmışdır. Bu il isə 250 hektarda Astarada çəltik əkini nəzərdə tutulub. Bununla əlaqədar olaraq torpaqların hazırlanması işi yekunlaşmaq üzrədir. Hazırda 15-ə yaxın ərazi icra nümayəndəliyində çəltik əkininə başlanılıb. Əkindən əvvəl aqrotexniki tədbirlərin düzgün aparılması üçün fermerlərin iştirakı ilə tarla şəraitində maarifləndirmə işləri də görülüb”.
Ramazan Səfərov, həmçinin bildirib ki, indiyədək rayonda 40 hektar sahədə çəltik əkilib. Çəltik sahələrinin gələcəkdə 1000 hektara çatdırılması nəzərdə tutulub.
Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat çoxdur. Tələbatın artması yerli düyünün həm də dadının, qoxusunun fərqli olmasındadır. Bazarlarda yerli düyünün satış qiyməti 4-6 manat arasındadır.
Qeyd edək ki, Astarada çəltik əkini əsasən Artupa, Şiyəkəran, Ərçivan, Səncərədi, Kakalos, Pensər ərazi icra nümayəndəliklərinin ərazisində aparılır.
Astarainfo.az