Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “Paşa Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı reallaşdırılacaq.
Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər 4 gün – 17, 18,19 və 20 iyun tarixlərində vebinar formatında baş tutacaq.
Proqramın ikinci mərhələsi vebinar təlimlərini uğurla bitirmiş iştirakçılar arasında keçirilən müsabiqədən ibarətdir. Proqramın bu hissəsində seçilmiş mövzular üzrə real halların araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin oxucu dilinə çevrilməsi həyata keçiriləcək. Proqram iştirakçılarının mövzulara stimulunun artırılması məqsədi ilə ən yaxşı məqalələr seçilərək müəllifləri pul mükafatı ilə mükafatlandırılacaqlar. I yerin sahibi 1000 AZN, II yerin sahibi 700 AZN, III yerin sahibi isə 500 AZN pul mükafatı əldə edəcək.
Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə çalışan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc bloqer kimi yetişmək və cəmiyyətin maarifləndirilməsi istiqamətində töhfə vermək istəyən şəxslər iştirak edə bilərlər.
Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla təltif olunacaqlar.
Aşağıdakı linkdən proqram haqqında ətraflı məlumat ala və proqrama müraciət edə bilərsiniz. https://www.digital.gov.az/digitalazerbaijan/az/webinars/1/reqemsal-jurnalistikaya-dogru-proqrami
Qeydiyyat üçün son müraciət tarixi – 14 iyun, saat 00:00.
Qeydiyyatdan uğurla keçən və münsiflər tərəfindən seçilmiş namizədlərin adları 16 iyun tarixində Mərkəzin rəsmi internet ünvanında dərc olunacaq, həmçinin iştirakçılara e-mail vasitəsil iə bildiriləcəkdir.
Əlavə suallarınız üçün digicom@asan.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Elektron Hökumətin İnkişafı Mərkəzi “myGov”, “e-Gov” elektron hökumət portallarını, “ASAN Login, “ASAN Finans”, “ASAN ödəniş” sistemi, “ASAN viza”, eləcə də “e-Satınalma”,“e-agro”, “e-hərrac”, ADRA icazələr sistemi, tikintiyə icazə sistemi və digər elektron dövlət layihələrini idarə edir. Bundan başqa Mərkəz “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni də ərsəyə gətirib.
Astarainfo.az