Avqustun 19-da Azərbaycanda Atatürk Mərkəzində Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Qənir Paşayevanın dəstəyi ilə “Türkiyə və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması” mövzusunda praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə hər iki ölkə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Q.Paşayeva konfransın məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, konfransın keçirilməsində məqsəd ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Azərbaycanda, Türkiyədə, eləcə də dünyanın digər yerlərində türk-müsəlman əhalisinə qarşı törədilən terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayət əməllərinin sistemli təhlilinin aparılması və bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.
Türkiyənin Ankara Pursaklar Bələdiyyəsinin rəhbəri Selcuq Çetin erməni yalanlarını tarixi faktlarla ifşa edən məruzə ilə çıxış edib.
Tədbirdə qardaş ölkəni təmsil edən qonaqlar – Yılmaz Qorqud, Hikmət Ərən, Mehmet Erdğan Elgin və başqaları ermənilərin türklərə qarşı törətdikləri soyqırımların araşdırılması və dünyaya çatdırılmasında mətbuatın önəmini vurğulayıblar. Ermənilərin tarixboyu Qafqazda sülh və sabitliyi pozduqları, müxtəlif cinayətlər, qətliamlar törətdikləri, habelə böyük dövlətlərin əlaltısı kimi çirkin niyyətlərin icraçısı olduqları vurğulanıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı, Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramlı, Niderland türk diasporunun nümayəndəsi Vüqar Abbas və başqaları
konfransın erməni yalanlarının ifşası üçün mühüm əhəmiyyəti kəsb etdiyini söyləyiblər.
Ermənilərin törətdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılmasında belə konfransların önəmli olduğu qeyd edilib.