Hörmətli həkimlər və tibb işçiləri,
Sizi sevimli bayramınız Tibb işçilərinin peşə bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, çətin və şərəfli işinizdə müvəffəqiyyətlər arzulayıram. Bu ilki peşə bayramınızın dünyanı bürüyən koronavirus pandemiyası dövrünə düşməsi bizi ürəkdən təəssüfləndirir.
Bu qorxulu xəstəliklə mübarizədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ən yüksək səviyyədə tədbirlər görülməkdədir. Bunun nəticəsidir ki, xəstəliyin yayılmasının qarşısının alınması üzrə Azərbaycan dünya ölkələri ilə müqayisədə ön sıralardadır. Bu həm də siz həkim və tibb işçilərimizin misilsiz əməyi sayəsində mümkün olmuşdur.
Sizin sözlə ifadə olunmayacaq əməyinizi yüksək qiymətləndirir, hər birinizə bu fədakarlığa, şücaətə görə rayonumuzun bütün sakinləri adından, şəxsən öz adımdan dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm.
Siz günlərdir ki, evinizdən, ailənizdən, doğmalarınızdan ayrı düşərək, koronavirus pandemiyasından əziyyət çəkən insanların müalicəsində əlinizdən gələni edir, xalqımızın, cəmiyyətimizin sağlam həyat sürməsi üçün əsil fədakarlıq göstərirsiniz.
Siz səhiyyə işçiləri yorulmaq bilmədən gecə-gündüz insanların sağlamlığı keşiyində dayandığınıza görə vətəndaşlarımız evlərində rahat yaşayırlar. Bu əməyinizi yalnız səngərlərdə düşmənlə üz-üzə dayanan qəhrəman əsgərlərimizin fədakarlığı ilə müqayisə etmək olar. Onlar Vətənimizi düşmənlərdən qoruduğu kimi, Siz də cəmiyyətimizi bu qorxulu xəstəlikdən qoruyursunuz. Həyatınızı təhlükəyə ataraq, çəkinmədən xəstələrlə təmasda olur, şəfalı əlləriniz və xoş təbəssümünüzlə onlarda yaşamağa ümid yaradır, şərəfli həkimlik peşəsinə sədaqətinizi göstərirsiniz.
Siz bütün həyatını xalqımızın sağlamlığına həsr edən fədakar insan, cəmiyyətimizdə müstəsna rolu olan, ən böyük alqışa layiq dəyərli şəxslərsiniz. Dövlətimiz bu misilsiz əməyinizi yüksək qiymətləndirir, qədirbilən xalqımız sizlərə daim minnətdarlıq və dualar edir.
Əziz həkimlər və tibb işçiləri!
Bilin ki, rayon rəhbərliyi olaraq biz də daim sizinləyik, bu çətin və şərəfli işinizdə hər zaman yanınızdayıq.
Sizi peşə bayramınız münasibəti ilə bir daha təbrik edir, hər birinizə sonsuz təşəkkür və ehtiramımı bildirir, Allahdan möhkəm can sağlığı, xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Astara Rayon İcra Hakimiyyətinin başçısı
Qəzənfər Ağayev