Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Astarainfo.az -a bildirilib ki, məqsəd qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtomobillərin rahat hərəkətini təmin etməkdir. Yeni yolun istifadəyə verilməsi ilə Astara şəhər mərkəzində avtomobil sıxlığı da aradan qalxacaq. Belə ki, yük avtomobilləri şəhər mərkəzinə daxil olmadan yollarına davam edə biləcək.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun 204-cü kilometrindən İranla dövlət sərhədinədək qalan 3,05 kilometr uzunluğa malik hissənin tikintisinə bir müddətdir ki, start verilib. Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, tikinti işlərinə 50-dən çox texnika, 80 nəfərlik işçi qüvvəsi cəlb olunub. Artıq yol yatağının bir hissəsində tikinti işlərinin ilk mərhələsi yekunlaşıb. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır.
Ümumilikdə, tikinti sahəsi altına düşən torpaq sahələrinin alınması başa çatdırılıb və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi işləri isə 80 faiz yerinə yetirilib. Hazırda layihənin yol hissəsi üzrə torpaq yatağının, suötürücü borularının, tunel tipli yolötürücünün tikintisi işləri davam etdirilir. Ümumilikdə yeni yol hissəsi üzrə tikinti işlərinin 75 faizi yerinə yetirilib.
Yeni inşa edilən tunel tipli yolötürücünün uzunluğu 30 metr, eni isə 19,5 metr təşkil edir. Ötürücüdə bünövrə işləri görülüb, dayanıqlılığı artırmaq məqsədilə 18 metr dərinlikdə svaylar vurulub. Ümumilikdə ərazidə 1200 millimetr diametrli 32 belə svay vurulub. Həmçinin yolda mal-qara üçün uzunluğu 44,7 poqonmetr olan 1 dəmir-beton keçidin (3,5×3,5m) tikintisi də nəzərdə tutulub. Yeni magistralın sərhəddə qədər olan 3,05 kilometrlik hissəsi I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Eni 26,5 metr, ayırıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı 4 olan yolun cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.
Yolun sözügedən hissəsi İranla dövlət sərhədində inşası nəzərdə tutulan avtomobil körpüsünə birləşəcək. Artıq sərhəddə inşa ediləcək körpünün layihəsi hazırlanıb. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97,5 metr, eni isə 30,5 metr olacaq. Burada avtomobillərin hərəkəti üçün 2, əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər bir istiqamətdə eni 2,5 metr olmaqla üstüörtülü piyada keçidlərinin yaradılması nəzərdə tutulur.