Rayonumuzda yol infrasrukturu yüksək sürətlə inkişaf edir
Müstəqil Azərbaycan bütün sahələrdə olduğu kimi, özünün yol mədəniyyəti ilə də dünyada fərqlənən ölkələr sırasındadır. Respublikamızda yol infrastrukturunun qurulması işi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır.
Avtomobil yollarının yenidən qurulması beynəlxalq əməkdaşlıqda, yüklərin tranzit daşınmasında da mühüm rol oynayır. Təsadüfi deyil ki, 2020-ci ildə də bu istiqamətdə mühüm layihələr reallaşdırılacaq.Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da bu məsələyə toxunub: “Avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə önəmli layihə həyata keçirilir. Astara-İran sərhədi avtomobil yolunun tikintisi də gündəlikdədir.Astara-İran sərhədi avtomobil yolu hazırda Astara şəhərinin içərisindən keçməklə vətəndaşlara narahatlıq törədir. Digər tərəfdən yükburaxma qabiliyyəti aşağı düşür.”
Ona görə Astara şəhərinə girmədən rayonun ərazisindən İran sərhədinədək yeni magistral yolun çəkilişi, o cümlədən avtomobil körpüsünün tikintisi nəzərdə tutulur. Layihənin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Rayon İcra Hakimiyyətinin başçısı yol quruculuğu və təmiri işlərini hər zaman diqqətdə saxlayır və bu sahəyə ciddi nəzarət edilir.Hazırda rayonumuzda 11,6 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunda genişmiqyaslı yenidənqurma işləri aparılır.
Astara şəhərinin ayrı-ayrı küçələrindəvə yollarında əsaslı təmir işlərinin aparılması bu gün diqqət mərkəzindədir. 28 may küçəsində 1250 m2 ,Əhəd Muxtarov küçəsində 1200 m2, Mirzə Rəhimov küçəsində 2000 m2, Ziya Bünyadov küçəsində 3000 m2, bazar ərazisindən keçən Səməd Vurğun küçəsində 2000m2, Aydın Məmmədov küçəsində 400m 2, Nizami ilə 28 may küçəsinin qovşağında 1500 m2, Qum küçəsində 3150 m2, Şah İsmayıl Xətayi küçəsində 650m2 asfalt döşənib. Şəhərin H.Əliyev prospektində 20 ədəd işıq dirəyi quraşdırılıb ki,bununla da Seləkəran kəndindən keçən yol işıqlandırılacaqdır.
Ərçivan qəsəbəsində 4 saylı məktəbə gedən 250 m2 ,qəsəbənin körpü tərəfində şəhid Bəxtiyar Əliyevin adını daşıyan küçədə 250 m2 yol asfaltlaşdırılıb.İcra hakimiyyəti başçısının tapşırığı ilə qəsəbədə uşaq bağçasına gedən 500 metr yol yenidən təmir edilib.
Kijəbə qəsəbəsinə daxil olan Lovayn yaşayış massivində 400 metrlik yeni yol çəkilib.Bu vaxtadək asfalt örtüyü olmayan qəsəbə daxili yola ilk dəfə asfalt döşənib.Kijəbə -Maşxan yolunda başlanılmış asfaltlaşdırma işləri yekunlaşdırılıb.Qəsəbənin Füzuli küçəsində sel sularından qorunmaq , Azərbaycan küçəsində qrunt sularının axıdılması məqsədilə arxlar çəkilib və 10 ədəd işıq dirəyi quraşdırılıb. Puşkin küçəsində 42 ədəd işıq dirəyi quraşdırılıb.Kijəbə qəsəbəsinin ərazisinə aid Ojəkəran kəndində həkim məntəqəsi üçün yeni bina tikilir.
Şahağacıda 3000 m2 ,Siyakü ərazisinə daxil olan Siyəkeşdə 2000 m2 və Pensər bağçasına gedən 1400 m2 asfalt yol da payız-qış mövsümünə təhvil veriləcək.
Əfsun Ələskərli