Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi bu gün dövlətimizin həyata keçirdiyi siyasətdə mühüm yer tutur. Ölkəmizin bütün bölgələrində yeni körpələr evi-uşaq bağçalarının inşası, onların müasir avadanlıqla təchiz edilməsi bunun əyani təsdiqidir.

      Heydər Əliyev   Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşib. Ərçivan qəsəbəsində  yeni tikilən  körpələr evi-uşaq bağçası bu istiqamətdə atılan addımlardan biridir. Astarainfo.az xəbər verir ki, burada 3600 m2ərazidə sahəsi  1700 m2-olan bina tikilir.

Ərçivandakı uşaq bağçası  ötən əsrin 70-ci illərindən fəaliyyət göstərir. Binanın yararsız vəziyyətdə olduğu nəzərə alınaraq yanvar ayından qəsəbədə yeni tipli uşaq bağçasının tikintisinə başlanılıb.

80 uşaq yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulur, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edəcək. 2 mərtəbəli məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana,həkim otağı,qəbul otağı,mətbəx,sanitar qovşağı və duş qurulub. Bağçada uşaqların təlim-tərbiyəsinin  yüksək səviyyədə təşkil olunması və  istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılır. Otaqlar zəruri avadanlıq və əyani vəsaitlərlə,mebel dəstləri ilə  təchiz olunacaq.

Bağçada hər birində 20 uşaq olmaqla, dörd  qrup fəaliyyət göstərəcək.

Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində  xüsusi istirahət guşələri yaradılacaq , müasir uşaq əyləncə qurğuları quraşdırılacaq,üç açıq çardaq(besetka) və kiçik idman meydançası qurulacaq.

Əfsun Ələskərli