Prezident İlham Əliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Astarainfo.az xəbər verir ki, qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) edilən dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.
Qeyd edək ki, indiyə qədər sosial yardım 2 il müddətinə təyin olunurdu.
Digər bir dəyişikliklə isə sosial yardım almaq hüququ olan ailələrin siyahısı genişləndirilib.
Qanunun 3-cü maddəsinə (Sosial yardım almaq hüququ olan ailələr) olunan dəyişikliklə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malik olacaq.