“Bu günlərdə gündə bəlkə də minlərlə məktub alıram. Vətəndaşlar öz dəstəyini, həmrəyliyini ifadə edir, orduda xidmət etmək istəyirlər. Mən çıxışımda demişdim ki, orada şüşələri qıranlar orduya yazılsınlar. O günə cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdi. Amma mənim sözlərimdən heç bir həftə keçməyib, 50 minə yaxın Azərbaycan vətəndaşı – onların mütləq əksəriyyəti gəncdir – Vətəni qorumaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adını, ünvanını veriblər. Mən onlara təşəkkür edirəm”.
Bunu iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci: “Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər”. (APA)