Jurnalistin yol qeydləri

Gördüklərim ,eşitdiklərim…

Ziyarətgahlar

Hamoşamda “Hacı Əfqani”, “Şeyx İzacəddin”, “Məhəmməd Mazandarani” “Əfsənavi Baba Rəsul” ziyarətgahları əsrlər öncədən qalmadır.

“Baba Rəsul türbəsi”

Gün qüruba getməkdə, şəfəqləri qızılı rəngə boyanmaqda, dağların örpəyi duman yamacları bürüməkdə idi. “Gəlin daşlarının” əfsanəsini özündə yaşadan Toradidə əsrlərin nişanəsi Baba Rəsulda olarkən türbənin damının dəyişdirilməsinin, ətrafına təzə suvaq çəkilməsinin şahidi oldum. Ziyarətgahdan 30-40 metr aşağıda ziyarətə gələnlər üçün tikilmiş binada da əsaslı təmir aparılmışdır.

Bəli, yolların çəkilməsi, körpülərin, məscidlərin tikilməsi, yaşıllığın salınması xeyirxahlığın bariz nümunəsi olsa da, bu işi görənlər insanlığın fövqündə dururlar. Allah razı olsun!

XIV əsrin axırı XV əsrin əvvəllərini özündə yaşadan Baba Rəsul türbəsi ilə əlaqədar bir çox əfsanələr mövcuddur. Onlardan biri də ömrü boyu ağalıq etmək xulyası ilə yaşamış, insan başından qəsrlər, minarələr qurdurmuş Teymurləngin Baba Rəsulun ayağına gəlib ondan üzr istəməsi ilə bağlıdır. Orta Asiyada iri feodal hakimi heç kimdən qorxmayan, daim dağıtmaq, zəbt etmək, öldürmək iddiasında olan Teymurləng yəqin ki, Baba Rəsuldan gördüyü hikmətə görə səhv etdiyini etiraf edib.

Onu da qeyd edək ki, orta əsrdə müsəlman ölkələrində ruhaniyə, mollaya, sufi təriqət başçılarına “Baba” ləqəbi verilirdi. Toradidəki, övliya da həmin hörmətli şəxslərdən olub.

Çaylar-bulaqlar

Hamoşamda Bəşərü çayıının qolları olan Kavünəru ,Kürərü ,Hamoşamarü ,Jəjəniərü ,Vovərü çayları, “Haftçəşmə”, “Podşuhunu”, “Kijəhoni”, “Nisohuni”, Vovahuni” və başqa adlarda gözyaşı kimi dumduru müalicəvi əhəmiyyətli bulaqlar var.

Maraqlı eksponatlar

Toradi kənd diyarşünaslıq klubuna Azərbaycan İncəsənət İnstitutunun məzunu Sucəddin Əliyev rəhbərlik edir. 0 1988-ci ildə İnstitutun mədəni maarif fakültəsini bitirən kimi doğma kəndində çalışır. Həvəskar, peşəsini sevən məsuliyyətli işçidir. Klubun acınacaqlı vəziyyətdə olmasına baxmayaraq oradakı 120 eksponat adamda maraq oyadır. 13-cü əsrə aid kaməl – ələk ,yun daramaq üçün “Şünəmü”, “Kəfkir” – qədim kəfkir, qan aldırmaqdan ötrü “Hacumət”, Ça – “Yun əriyən cəhrə”, “Dasthor” – “Dən üyütmək üçün əl dəyirmanı”, “Çu” – qədim çıraq başqa əşyalar ötən əsrləri yaşadır.

Onu da etiraf etmək lazımdır ki, ən böyük yadda qalan eksponat elə dağılmaqda olan “Klub”un özüdür.

Yəqin ki, bu barədə düşünməyə dəyər.

Dağlar sizdə nəyim qaldı!?…

Dağlıq ərazidə dolanbac kənd yollarında hər şey adama qeyri-adi görünür. Məsələn, yağışdan çuxurlanmış daşlardakı “gölməçələr”, rəngbərəng çöl otlarının ətri rahiyəsi, quşların ahəngdar civiltisi, abidələr, kurqanlar düzənliklər və sairə…

İlk yaşayış məskəni olmuş dağlıq ərazidə əfsanəvi qalalar məskənində möcüzəli məkanları dərindən öyrənmək istəyində olsan da yenə də nəsə qaranlıq qalır. Göyün ənginliklərində üzən qartal səmadan

aşağını necə maraqla süzürsə dəniz səviyyəsindən 1500-1800 metr yüksəklikdə olan dağların başında hər yanı izləmək də könül oxşayandır.

Dağları gəzib dolandıqdan, maraq dünyamızı genişləndirəndən sonra Hamoşamdan asfalt döşənmiş olduqca rahat yolla aşağı enəndə maşında qeyri iradi 60-cı illəri xatırladım. Hansı ki, o dövrdə dağlara qalxmaq üçün adicə cığır da acınacaqlı vəziyyətdə olub.

Lakin vətənpərvər insanlar el-obasını sevən Mirzə Cəbiyevin təşəbbüsü ilə yollarda aylarla bellə külünglə işləyiblər. Onlar əzab-əziyyət çəkərək yol açmağa çalışıblar. Dövlətin dəstəyi olmadan fədakarlıq göstərən insanları sanki tanıyırmış kimi gözümün önündə canlandırdım və qəlbimdə bir nida qopdu. “Ruhunuz şad olsun, əzabla açdığınız cığırlar bu gün dövlət səviyyəsində yaraşıqlı rahat yolla əvəz edilib və sizlərin də xatirəsi unudulmayıb. Yaddaşlarda yaşayır və yaşayacaq da …

Maşın bizi mənzil başına çatdırdı. Dağların eniş yoxuşundan aldığımız yorğunluqdan əsər-əlamət qalmasa da yəqin ki, izlərimiz, xatirələrimiz dağlarda qaldı…

Gülnar Əsədli