Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının və ya infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisələrdə bir sıra zəruri qaydalara əməl edilməlidir.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən Astarainfo.az–a verilən məlumata görə, müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
Pandemiya dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının və ya infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməlidir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən, işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.
İctimai iaşə müəssisəsinin ərazisi, qida qəbulu yerləri, anbarlar qapı və qapı tutacaqları, pəncərə və pəncərə altlıqları, döşəmə və divar səthləri, sanitar qovşaqları, tullantıların yığıldığı sahələr və tullantı qabları, həmçinin masa və stulların səthi, mətbəxin ərazisi və avadanlıqlar mütləq dezinfeksiya edilməlidir. Dezinfeksiya işləri həyata keçirilərkən səthlərdə və məkanda istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələrin təlimatına uyğun olaraq tətbiqinə riayət edilməlidir. Belə ki, dezinfeksiyaedici maddələrin istifadə təlimatında göstərilən yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalı, dezinfeksiya işlərinin aparıldığı mühit havalandırılmalıdır.
Astarainfo.az