Bu il Astarada ən yüksək bal toplayan abituriyent IV ixtisas qrupuna imtahan verənlər arasından olub.Topladığı 638 balla rayon birincisi olan Tərlan Hüseynovun Astarainfo.az-a verdiyi müsahibəni təqdim edirik:
– Tərlan ilk olaraq, 2 minə yaxın məzun arasından belə yüksək nəticə əldə etməyiniz münasibəti ilə sizi təbrik edirik, gəlin, bir qədər sizi tanıyaq.
-Hüseynov Tərlan Zaman oğlu 2003-cü ildə Astara rayon Pensər kəndində anadan olmuşam. Müəllim ailəsində anadan olmuşam,atam- Zaman Hüseynov tərəqqi medallı Kimya müəllimi,anam isə ibtidai sinif müəlliməsidir.
2009-cu ildə Pensər kənd 2 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşam. 9-cu sinifdə sənədlərimi Lənkəran şəhər İstək liseyinə verdim və təhsilimi orada davam etdirməyə başladim.
Lakin 1 il sonra bu liseyin bağlanma səbəbindən yenidən doğma təhsil ocağı olan Pensər kənd 2 saylı tam orta məktəbə qayıtdım.
-Müəllimləriniz deyir ki,bu vaxta qədər çoxlu uğurlarınız var.
-Bəli,ilk respublika səviyyəli uğurumu 6-ci sinifdə oxuyarkən qazanmışam.Ümumdünya Poct İttifaqının keçirdiyi “Respublika inşa müsabiqəsi”ndə 2-ci yerə laiq görülmüşəm. 9-cu sinifdə liseydə oxuyarkən “Heydər Əliyevin 95 illiyinə həsr olunmuş inşa müsaqbiqəsi” keçirildi.Mən də bu müsabiqədə 1-ci yerə laiq görülmüşəm.
9-cu sinifdə oxuyarkən kimya fənni üzrə Respublika Fənn Olimpiadasının finalına vəsiqə qazandım.10-cu sinfdə oxuyarkən yenidən kimya fənni üzrə Respublika fənn olimpiadasının final mərhələsində iştirak etdim.10-cu sinifdə oxuyarkən Lənkəran Dövlət Universitetinin keçirdiyi Regional Fənn Olimpiyadasında kimya fənni üzrə 1-ci yerə laiq görüldüm.10-cu sinifdə oxuyarkən mən də Quba-Qusar-Xaçmaz istiqamətində təşkil olunmuş “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edirdim.Turda keçirilən “Kim,harda,nə zaman?” bilik yarışmasında Astara rayonunu təmsil edən komanda ilə 1-ci yerə laiq görüldük.11-ci sinifdə oxuyarkən yenidən respublika fənn olimpiyadasının finalına vəsiqə qazandım.Bu dəfə kimya fənni üzrə gümüş medal qazandım.Bakıda 10 ölkənin iştirak etdiyi Gənclər və İdman Nazirliyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Yeniyetmələr arasında təbiət elmləri üzrə “İstedadların hazırlığı Laboratoriyası” adlı Beynəlxalq Olimpiadada bürünc medal qazandım.
“Əlaçı” televiziya proqramında ilk üçlükdə mübarizə aparmışam,rayonumuzu uğurla təmsil etmişəm.
Pandemiya dövründə isə Virtual məktəbdə təşkil olunmuş “Virtual əlaçı” proqramının ilk həftəsinin 11-ci sinif üzrə birincisi oldum.
– Buraxılış imtahanında belə yüksək nəticəyə necə nail oldunuz?
-Uğur qazanmağın sirrini 3 amilin-böyük zəhmət ,müəllimlərin əməyi və valideynlərin dəstəyinin kompleks təşkilində görürəm. Bizim məktəbin müəllimləri savadlarına görə lisey müəllimlərindən geri qalmır.Öz fənlərini mükəmməl şəkildə tədris edirlər.1 il liseydə oxumağımın səbəbini isə ,liseydə dünyaya açılma imkanlarının genişliyi və ingilis dili fənnini daha yüksək səviyyədə tədris etmələri idi. İnsan uğur qazanmaq üçün mütləq özünə hədəf qoymalıdır.Həmişə maksimum üçün çalışmalıdır.Az ilə qane olmaq olmaz. Mən,ümumiyyətlə, şansa inanmıram ,uğurun tək yolu çox çalışmaqdır.İnsan yalnız öz biliyinə güvənməlidir.
– Bir suala səmimi cavabınızı almaq istərdim.Məktəb illərində qiymət üstündə müəllimlərlə mübahisə etdiyiniz olubmu?
-Qiymət anlayışı təkcə şagirdlərin biliyini fərqləndirmək üçündür.Əgər əlaçı çıxa bilmədimsə müəllimdən küsməyin,mübahisə etməyin mənası yoxdur.Başa düşməliyəm ki, bu il əlaçı ola bilmədimsə problem məndədir,biliyimdə olan əskiklikləri düzəltməliyəm.Müəllimin mənə verdiyi 1-2 artıq balın gələcək həyatımda mənə yalnız ziyanı ola bilər.
-Seçdiyiniz ixtisas qrupu IV qrupdur.Amma intellektual müsabiqələrdə suallar təkcə təbiət elmlərindən olmur.Qalib olmağı necə bacardınız?
Məncə,şagird təkcə ixtisas qrupuna daxil olan fənnləri deyil,bütün fənləri oxuyub-örənməlidir.Mən 10-cu sinfə qədər bütün fənləri mükəmməl öyrənməyə çalışmışam.İştirak etdiyim yarışmalarda bu biliklərin nə qədər əhəmiyyətli olduğunu bir daha anladım.
-İxtisas seçimləri artıq başlayıb.Arzusunda olduğunuz ali məktəb hansıdır?
– Arzum Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsil almaqdır.
– Tezliklə tələbə adını qazanacaqsınız.Öncədən sizi ürəkdən təbrik edirik.Abituriyent adını daşıyanlara hər hansı tövsiyəniz,sözünüz varmı?
-Təşəkkür edirəm. Abituriyentlərə isə demək istəyirəm ki,həyatda uğurdan həzz almağı bacarsınlar.Məqsəd qoyub ona çatmaq üçün çalışsınlar.Qarşılarına çıxan hər hansı bir maneənin onları həvəsdən salmağına imkan verməsinlər.Həyatda ən böyük xoşbəxtlik məqsədinə çatmaqdır.
Onu da bildirək ki, Tərlanın adı Təhsil Nazirliyinin təqdim etdiyi siyahıda məktəbi qızıl medalla bitirən şagirdlər sırasındadır.
Əfsun Ələskərli