“Trend Topic” – TT (Çağdaş mövzu) populyar mikrobloq olan “Twitter”da ən çox istifadə olunan açar sözlər və həştəqlər nəticəsində yaranan siyahıdır. Yəni TT siyahısına nəzər yetirən istifadəçi həmin anda “Twitter”də hansı mövzunun əhəmiyyətli olduğunu dərhal anlaya bilər. Buna görə də TT istifadəçilərin əhəmiyyətli və populyar mövzulardan xəbərdar olması üçün vacib siyahı formasıdır.
Astarainfo.az “Trend Topic” olmaq üçün etməli olduqlarımız barədə məlumatı təqdim edir.
“Trend Topic” siyahısına həştəq və ya açar kəlimə salmaq asan proses deyil və tanınmış, izləyicisi çox olan şəxsi səhifələrin dəstəyi şərtdir. Yəni sizin TT-ə salmaq istidiyiniz mövzu istifadəçilər tərəfindən kütləvi şəkildə dəstək görməli və eyni həştəq və açar sözlərlə tvitlər paylaşılmalıdır. Həştəq, # (diyez) simvolu ilə işlədilən, məsafə qoyulmadan yazılıb mövzunun daha çox istifadəçi tərəfindən görülməsini təmin edən söz və ya söz birləşmələridir (Məsələn: #PrayForGandja, #StopArmenianAgression, #JusticeForKarabakh və s.)
Populyarlığı yüksək olan səhifələr sizin paylaşdığınız tvitləri “retweet”(hər hansı bir tviti yenidən öz səhifəndə paylaşmaq) etdiyi zaman həmin şəxsin izləyici kütləsi də həştəqlərinizi görəcək ki, bu da mövzunun daha tez TT olmasına səbəb olacaq.
Qeyd edək ki, “Facebook” və “İnstagram”dan fərqli olaraq dünyanın bir çox məşhur siyasətçisi və dövlət adamları, həmçinin hökumət qurumları və beynəlxalq təşkilatlar ən aktual mövzular barədə açıqlamalırını məhz “Twitter” vasitəsilə ictimaiyyətə çatdırırlar. Buna görə də hər hansı bir mövzunun TT olması, həmin mövzu haqında məlumatın dünyanın bir çox vacib şəxs və qurumlarına da çatması deməkdir.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin “Toçka-U” raket sistemindən istifadə edərək açdığı atəş nəticəsində Gəncə şəhərində həlak olan və yaralanan mülki şəxslərlə bağlı dünəndən etibarən sözügedən sosial şəbəkədə “PrayForGandja” (Gəncə üçün dua edin) həştəqi ilə 1,2 milyondan çox tvit atılıb. Oktyabrın 11-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.