Astara rayonunda 272,5 hektar çay sahəsi var. Bu sahələrdən oktyabrın 1-dək 550,5 ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 174,1 ton (46,3 faiz) çox məhsul yığılıb. Çay sahələrində məhsuldarlıq 12,7 sentner artaraq 40,2 sentner olub.
Bu barədə Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a məlumat verilib.
Bildirilib ki, Astarada çayçılıqla 4 kənd təsərrüfatı müəssisəsi məşğuldur. Bu ilin doqquz ayında həmin müəssisələr tərəfindən 172 ton yaşıl çay yarpağı istehsal edilərək çay fabriklərinə təhvil verilib. Çay sahələrində məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 sentner artaraq 18,5 sentner təşkil edib.
Hazırda rayonun çay plantasiyalarında məhsul yığımı kampaniyası davam edir.
Qeyd edək ki, Astara rayonunda çayçılıq kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindəndir. Rayonda bu sahənin inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.
Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının icrası istiqamətində Astarada çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənib, çay plantasiyalarının əkin sahəsi artırılıb.
Ölkəmizdə mövcud olan çay plantasiyalarının təxminən 26,4 faizi, çay istehsalının isə 60 faizi Astara rayonunun payına düşür.