Dünən Topaz Premyer Liqasının 2-ci turunda “İnter”lə oyunun taleyini sona yaxın vurduğu qolla həll edən “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov oyunun ardından jurnalistlər önünə çıxıb. Orta xətt oyunçusu öncə görüşü dəyərləndirib:
“Həm Çempionlar Liqasında, həm də ölkə çempionatında oynayırıq. “İnter”lə oyun maraqlı alındı. Start heyətində gənc oyunçular var idi. Hər biri bacardığını etdi, qələbədə pay sahibi oldular. Əsas məqsədimiz xal itirməmək, büdrəməmək idi. Sonda istədiyimiz nəticəni qazana bildik. Bu bizim üçün çox vacib idi”.
Əfran ÇL-in pley-off mərhələsinin cavab oyunu haqda da danışıb:
“Kopenhagen”lə səfərdə qarşılaşacağıq. Əlbəttə ki, çətin oyun olacaq. Arxayınlaşa bilmərik. Evdə qələbə qazanmışıqsa, ikinci oyunda uğurun davamını gətirməliyik. 1:0 aldadıcı hesabdı. Onlar “Vardar”a da bu hesabla uduzmuşdular. Öz meydanlarında əvəzini artıqlamasıyla çıxdılar. Bizim üçün ən böyük təhlükə standart vəziyyətlərdi. Baş məşqçimiz bu istiqamətdə təhlillər aparacaq. Rəqib doğma meydan, azarkeş dəstəyindən faydalanmağa çalışacaq. Öz növbəmizdə yaxşı hazırlaşmalıyıq. İlk oyunda qələbə qazanmışıq, davamını səfərdə gətirməliyik”.
© xezerxeber.az