Hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri həyata keçirilir. Artıq Laçın rayonunda Prezident İlham Əliyevin iştirakı ilə “Güləbird” SES-in açılışı oldu. Həmçinin, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu. Bu barədə Astara rayon sakinləri fikirlərini bildiriblər.Astarainfo.az həmin müsahibələri təqdim edir.
Rafiq Əliyev (şəhər sakini)
“Prezidentin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi quruculuq işləri hər birimiz üçün qürurvericidir. Dövlətimizin başçısının hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Azərbaycan Prezidentinin fevralın 14-də işğaldan azad olunmuş ərazilərimizə səfərində də ilkin infrastruktur layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsinin və açılışının şahidi olduq. Dövlətimizin başçısı qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Mən bir astaralı kimi bu məsələləri tədqirəlayiq bilirəm,dəstəkləyirəm. Biz astaralılar daim Prezidentimizin yanındayıq, çünki onun həyata keçirdiyi ideyalar ümumilli ideyalardır və hər birimizin ürəyincədir.”
Gülnar Məmmədova(müəllim)
“Əlbəttə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərlərini həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılayırıq. Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq.Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsini yaradacaq.Müstəqil Respublikamız mövcud olduğu tarix ərzində heç vaxt inkişafın bu səviyyəsinə çatmamışdı. Cənab Prezidentimizin qurub-yaratdığı bu gözəlliklər hər birimizi sevindirir.”
Kubra Səmədova (Təngərüd kənd sakini )
“Son 17 il ərzində ölkəmizdə regionların inkişafına, yoxsulluğun azaldılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, habelə iqtisadiyyatın güclənməsinə və sosial həyatımızın yaxşılaşmasına dair bir çox iri həcmli və əhatəli dövlət proqramları qəbul edilib və uğurla icraolunub. Onlardan bəzilərinin icrası hazırda da davam etdirilir. Biz yaşadığımız Astara rayonunda da cəmiyyətin müxtəlif sahələrində bu inkişafı hiss edirik.
Bu gün Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş bölgələrimizin abadlaşdırılması üçün çox böyük işlər görülür. Ona görə də hər birimiz bu strategiyanın hazırlanmasında fəal iştirak etməklə, onun daha ədalətli və gələcək çağırışlara cavab verəcək bir proqram olmasına öz töhfəmizi verməliyik. Çünki bu strategiya Respublikamızda qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin formalaşmasına yönəlməklə, mövcud və gələcək nəsillərin mənafeyinə tam uyğundur.”
Emin Fətəliyev (Şağlazüzə kənd tam orta məktəbin direktoru )
“Cənab Prezidentin bütün qərarlarını və səfərlərini diqqətlə izləyirik. Biz xalq olaraq Prezidentimizə güvənirik, onun hər bir addımı düşünülmüş və ölkəmizi inkişafa aparmağa ölçülmüşdür. Xoş gələcəkdən müjdə verir. Hazırda qarşıda duran əsas vəzifə ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini bundan sonra da möhkəmləndirmək, işğaldan azad olunmuş ərazilərdə mövcud təbii sərvətlərdən səmərəli istifadə etməkdir. İşğaldan azad olunmuş ərazilər Azərbaycanın inkişafı üçün böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları və təbii ehtiyatlarla çox zəngindir. Müzəffər ordumuz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etməklə öz sərvətlərinə sahib olmaq imkanı əldə etmişdir. İnanırıq ki, dahi rəhbərimiz əldə olan bütün imkanlardan istifadə etməklə ölkəmizin iqtisadiyyatını gücləndirəcək və suverenliyini daha da möhkəmlədəcəkdir. Biz buna əminik”