Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənab 2021-ci il 16 mart tarixində yenidən Şuşa şəhərinə səfər etdi. Səfər zamanı erməni vandalizmi haqqında danışan cənab Prezident qeyd etdi ki, işğal nəticəsində bütün bina və məscidlərimiz dağıdılıb. Məscidlərdə heyvan saxlayaraq müqəddəs abidələrimizi təhqir ediblər. Su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan, 19-cu əsrdən bəri ermənilərin iddia etdiyi Tuğ kəndi də viran edilmişdir.
Pənahəli xanın sarayı Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini, Şuşa Dövlət Rəsm Qalereyasının binasını tamamilə dağıdıblar. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidələrini dağıdasan.
Bütün həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər həqiqətləri. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.
Cənab Prezident bildirib ki, Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq. Bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə.
Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. İşğal dövründə bəzi otellərdən kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı şəraitlə. Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Burada kiçik otellərin yaradılması nəzərdə tutulur. Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.
Şuşa əzəli Azərbaycan şəhəridir. Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir.Şuşanın enerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi artıq icra olunub. Artıq inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri və orada səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi mesajdır. İşğal vaxtı törədilmiş vəhşiliyin, dağıntıların miqyası göstərir ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, Azərbaycanın zəngin tarixi irsini silmək istəmişdir. Prezidentin səfərləri zamanı verilən ən mühüm mesajlardan biri budur ki, düşmən buna nail ola bilməyib, Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb.
Qələbənin əsas səbəblərindən biri uğurlu hərbi strategiyadır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun başqa istiqamətdə hücumunu gözləyən Ermənistan hərbi strateqlərinin planlarını pozmuşdur. Buna görə də erməni tərəfi və hərbi dezinformasiyalar yaymaqda onlara kömək edən bəzi xarici KİV-lər Hadrutun azad olunmasını uzun müddət etiraf etmək istəməmişlər. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin vacib olduğu Ali Baş Komandan tərəfindən şərh edilib. Azərbaycan əsgərləri düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşmışlar.
Prezident səfər vaxtı peşəkar hərbi strateq kimi müharibə zamanı aparılmış bəzi hərbi əməliyyatlara aydınlıq gətirdi. Dövlət başçısı Dağlıq Qarabağ və Ermənistanla bağlı kəşfiyyat məlumatlarına malik olduğunu açıq şəkildə bildirib. Ermənistandan və xarici ölkələrdən gətirilən ermənilərlə zorla məskunlaşdırılan qəsəbə azad edilsə də, qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq ancaq hərbi birləşmələrə qarşı müharibə aparıb. Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi. Halbuki döyüş bölgəsindən çox-çox uzaqda yerləşən Azərbaycan yaşayış məntəqələrinə qadağan edilmiş silahlarla hücum nəticəsində 100-ə qədər dinc azərbaycanlı sakin həlak olmuşdur.