Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn Astara şəhidlərinin övladları və ailə üzvləri Qax rayonunda olublar. Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan səfər zamanı şəhid övladları rayonun gəzməli-görməli yerləri ilə tanış olub, tarixi məkanlara baş çəkiblər.

Rayon icra hakimiyyətindən Astarainfo.az -a  bildirilib ki, astaralı qonaqlar, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Qonaqlar abidənin önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra Astara şəhidlərinin övladları və ailə üzvləri milli memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzini ziyarət edib, Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi ilə tanış olublar.

Astaralı qonaqlar, həmçinin İlisu kəndinin əsrarəngiz təbiət mənzərələri ilə də tanış olub, tarixi abidələrə baş çəkiblər.