Azərbaycan dünyada qədim qayaüstü təsvirlərin yayıldığı regionlardan biridir. Ölkəmizdə qayaüstü təsvir abidələri ilk dəfə ötən əsrin 30–cu illərində Qobustanda, 60-70-ci illərdə Gəmiqayada, Kəlbəcərdə və Abşeronun müxtəlif ərazilərində aşkar olunub. Sevindirici haldır ki, qeyd olunan dörd abidə qrupuna beşincisi – yeni aşkar olunmuş Sım qayaüstü təsvirləri də əlavə edilib.
Bu barədə Astarainfo.az-a tarix üzrə fəlsəfə doktoru, arxeoloq Elnur İmanov məlumat verib.
Talış dağlarının ətəklərində, Astaranın rayon mərkəzindən 45 kilometr məsafədə, gözəl təbiətə malik ərazidə yerləşən Sım kəndinin iqliminin, şirin su ehtiyatlarının, zəngin bitki örtüyünün qədim zamanlardan insanların bu yerlərdə məskunlaşmasına imkan yaratdığını vurğulayan E.İmanov ərazidə xeyli sayda daş qutu qəbirlərın, kurqanların, nekropolların, təbii mağaraların, yaşayış yerlərinin mövcud olduğunu diqqətə çatdırıb.
Bu abidələrin qrupunu qayaüstü təsvirlərin – petroqliflərin təşkil etdiyini, həmin petroqliflərin Sım kəndində, onun ətrafındakı sal daşlarda, qayalıqlarda müxtəlif ölçülərdə və formalarda müşahidə olunduğunu söyləyən arxeoloq, onların daş və qayalara sərt alətlə cızma və oyma üsulu ilə həkk edildiyini, məhz bu cür işlənmə texnikasına görə Qobustanla oxşarlıq təşkil etdiyini bildirib.
E.İmanov daha sonra deyib: “Sım təsvirləri Üte, Rəvənux, Seyid Əli və sair ərazilərdə aşkar olunub. Sal daşlar üzərində müxtəlif işarələr, insan təsvirləri, zoomorf rəsmlər, yalaqlar, oyuqlar aşkarlanıb. Təsvirlər qədim insanların adət-ənənələrini, onların məişətini, təsərrüfatını, mədəniyyətini və dünyagörüşünü özündə əks etdirir. Bu baxımdan yeni aşkar olunmuş Sım qayaüstü təsvirlərini qiymətli maddi-mədəniyyət nümunələri hesab etmək olar”.
Onun sözlərinə görə, Sımdakı təsvirlərin əhəmiyyətli qrupunu heyvan rəsmləri təşkil edir. Rəvənux ərazisindəki mağarada aşkar edilmiş iribuynuzlu heyvan rəsmi bunlar arasında ən çox diqqətçəkəndir. Belə ki, iri buynuzları qövs şəklində təsvir edilən heyvan profildən, tək xətlə, realist üslubda ustalıqla həkk edilib. Burada heyvanın başı geriyə çevrilmiş vəziyyətdə verilib. Rəssamların belə ustalıqla təsvirlər yarada bilmələrindən görünür ki, onlar bu heyvanı uzun müddət müşahidə edə bilib, onun davranışına yaxından bələd olublar. Bu təsvir həm də qədim insanların estetik zövqünün bariz nümunəsidir.
“Təsvirlərin bir qisminin üzərinin mamırlarla örtülməsi, həmçinin atmosfer təsirlərindən aşınması onların aşkar edilib üzərinin köçürülməsində müəyyən çətinliklər yaradır. Lakin, bunlar abidənin əhəmiyyətini heç də azaltmır. Sım petroqliflərinin gələcəkdə daha ətraflı öyrənilməsi Azərbaycan arxeologiyasının, incəsənət tarixinin bir qədər də zənginləşməsinə, bölgədə turizminin inkişafına öz töhfəsini verəcək”, -deyə Elnur İmanov əlavə edib.