Lənkəran Peşə Liseyinin kollektivi ölkəmizin cənub bölgəsinin ümumtəhsil məktəblərində fəaliyyət göstərən peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərlə görüşləri davam etdirir.
Astarainfo.az xəbər verir ki, növbəti görüş Astara şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib.
Astara Rayon Təhsil Şöbəsinin müdirinin də iştirak etdiyi görüşə rayonun Vaqo kənd tam orta məktəbinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlər qatılıblar.
Tədbirin keçirilməsində məqsəd peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə peşə təhsili haqqında daha çox məlumat vermək, onları gələcəkdə seçdikləri ixtisaslarda texniki və yüksək peşə təhsili almağa həvəsləndirməkdir.
Görüşdə peşə təhsilinin ölkəmizin sosial-iqtisadi inkişafında rolu, peşə təhsili alan şagirdlərin şəxsi inkişafı və onların karyera planlaşdırılması haqqında müzakirələr aparılıb.
Tədbir iştirakçıları Astara şəhər 5 nömrəli tam orta məktəbində fəaliyyət göstərən peşə təmayüllü siniflərin təcrübə bazaları ilə tanış olublar.
Həmçinin peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər, onların müəllimləri və valideynləri üçün Lənkəran Peşə Liseyində “Açıq qapı günü” keçirilib.