Astara şəhərindəki şəhid Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri Klubunda 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi ilə əlaqədar keçirilən “Gənclər həftəsi” çərçivəsində yeniyetmə və gənc idmançılarla görüş təşkil olunub.
Astarainfo.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Görüşdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, idarənin rəis müavini İqrar Cəfərov, Vətən müharibəsi qazisi Ələskər Əskərov ölkəmizdə, o cümlədən Astara rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən idmançı gənclərin qəhrəmanlıqlarından danışıblar.
Çıxış edənlər Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər həftəsi” çərçivəsində icra olunan tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, yeniyetmə və gənc idmançıları qələbə sevincləri arzulayıblar.
Sonra görüş iştirakçıları şəhid Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri Klubunun rəhbəri, VI dan qara kəmər ustası, dünya, Avropa və beynəlxalq yarışların mükafatçısı Ramiq Rəhmanov və klubun məşqçisi, budo döyüş növləri üzrə III dan qara kəmər ustası, dünya, Avropa və beynəlxalq yarışların mükafatçısı Zamin Baxşıyevin rəhbərliyi ilə keçirilən təlim məşqlərini izləyiblər.
Sonda yeniyetmə və gənc idmançıların bir qrupuna Astara Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.
2020-ci ildən fəaliyyət göstərən şəhid Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri Klubunda hazırda 41 yeniyetmə və gənc müntəzəm keçirilən təlim məşqlərində iştirak edir.