Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatının (FAO) texniki işlər üzrə aparıcı mütəxəssisi Peter Pechacek və beynəlxalq ekspert James Jackelman Astarada səfərdə olmuş və rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevlə görüşmüşlər. Səfər zamanı qonaqları Hirkan Milli Parkın nümayəndəsi müşayiət etmişdir.

Səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatının (FAO) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə sazişi çərçivəsində həyata keçirilən “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsinin icrası barədə olmuşdur.

Rayon icra hakimiyyətinin başçısı nümayəndə heyətini salamlamış, qonaqları maraqlandıran sualları cavablandıraraq bildirmişdir ki, Hirkan Milli Parkının 18 min hektarı Astara rayonunun ərazisində yerləşir. Digər qoruq və parklardan fərqli olaraq burada nadir flora və fauna zənginliyi vardır. Burada mövcud olan bitki və heyvan növlərinin bir çoxu Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilərək qorunur. Milli Parkın ərazisi unikal təbiəti ilə seçildiyindən turistlər üçün də çox cəlbedicidir. Təklif olunan layihənin icrasının Hirkan Milli Parkında mövcud olan ekosistemin qorunmasında əhəmiyyətini nəzərə alaraq bu sahədə sizinlə qarşılıqlı işgüzar əlaqələrin qurulmasına tərəfimizdən mümkün olan köməkliklər göstəriləcəkdir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatının (FAO) əməkdaşları rayon icra hakimiyyəti başçısı tərəfindən səmimi və işgüzar görüşün təşkilinə görə dərin təşəkkür və minnətdarlıq etmişlər. Astaranın Azərbaycanın çox gözəl və səfalı guşəsi olduğunu vurğulayan qonaqlar, layihə çərçivəsində görülmüş və görüləcək işlər barədə məlumat vermişlər. Hirkan Milli Parkın ərazisində məskunlaşmış sakinlərin imkanlarından buradakı bitki və heyvanlar aləminin qorunmasında istifadənin mümkünlüyündən danışaraq, əməkdaşlığın genişləndirilməsi və gələcəkdə həyata keçiriləcək digər tədbirlər barədə veriləcək təkliflərin müsbət həlli üçün çalışacaqlarını bildirmişlər.