Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sığaloni kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, geniş əraziyə malik olan nümayəndəliyin ayrı-ayrı kəndlərində keçirdiyimiz görüşlər həmişə səmərəli olmuş, müəyyən problemlərin həlli ilə yadda qalmışdır. Son illər Sığaloni kəndində xeyli quruculuq, abadlıq işləri aparılsa da problemlər də vardır. Bu əsasən kəndə təbii qazın verilməsi ilə bağlıdır. Məlumat üçün bildirim ki, kəndə qaz verilişi layihələndirilib, yəqin ki, il ərzində həllini tapacaqdır.
Sakinlər çıxış edərək son illər Respublikada və rayonda aparılan quruculuq-abadlıq işlərinə, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Əvvəlki görüşlərdə qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirdiyinə görə rayon rəhbərliyindən razılıqlarını bildirmişlər.
Sakinlər kəndə təbii qazın verilməsinə, kənddə qəzalı vəziyyətdə olan eletrik dirəklərinin dəyişdirilməsinə və xətt təsərrüfatının yenilənməsinə, kəndə internet şəbəkəsinin çəkilməsinə və əlavə nömrələrin verilməsinə, kənd ara yollarının təmir edilməsinə, avtobus dayanacağının quraşdırılmasına, Siyaku kəndinə qəsəbə statusunun verilməsinə, Vətən müharibəsi şəhidi Məhəmməd Babazadənin evinə, adına olan bulağa və kənd qəbiristanlığa gedən yolun asfaltlaşdırılmasına, kənddə yerləşən körpünün genişləndirilməsinə, marşurut xəttinin açılmasına, ünvanlı sosial yardımın verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan bəzi məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.
Qeyd etmişdir ki, elektrik xətt təsərrüfatı rayonda tədricən tamamilə yenilənəcəkdir. Bununla əlaqədar artıq müəyyən işlər görülür. Eyni zamanda əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsindən ötrü mütəmadi olaraq təmir işləri aparılır.
Kəndə təbii qazın verilməsi ilə əlaqədar bir daha bildirirəm ki, bütün Respublikada bunun üçün Dövlət Proqramı qəbul olunubdur. Rayonumuzda da bu istiqamətdə iş aparılır. Digər qəsəbə və kəndlərimiz qazlaşdırıldığı kimi Sığaloni və qonşu Marzəsə kəndləri də yaxın gələcəkdə qazlaşdırılacaqdır.
İcra başçısı daha sonra qeyd etmişdir ki, Respublikamızda çox böyük qlobal layihələr həyata keçirilir. Xalqımız cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun bizə yaşatdığı böyük qələbənin sevincini yaşayır. Əsas diqqət də 44 günlük müharibədə işğaldan azad edilmiş Qarabağ torpağında erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş infrastrukturun bərpasına yönəldilmişdir.
Ölkəmiz böyük inkişaf yolundadır. Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər. Aparılan quruculuq-abadlıq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Azərbaycanımızın daha güclü olması üçün biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, dəmir yumruq kimi ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik.