Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinın göstərişinə uyğun olaraq əhali ilə növbəti səyyar qəbul-görüşünü Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Qapıçıməhəllə kəndində keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirmişdir ki, nümayəndəliyin bu və digər kəndlərində çoxsaylı görüşlərimiz olmuşdur. Hər bir görüş müəyyən problemlərin həlli ilə yadda qalıb. Əsas vacib məsələ Astaraçayda sahilbərkitmə işlərinin aparılması idi. Yağış mövsümü başlayan kimi Astaraçayda suyun səviyyəsi qalxır, ətraf əraziləri sel-su basır, vətəndaşların təsərrüfatına böyük ziyan dəyirdi. Cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına çayda sahilbərkitmə işləri aparılmaqla bu məsələ artıq həllini tapmışdır. Bundan başqa kənd üçün mühüm əhəmiyyət daşıyan, kəndi rayon mərkəzi və əksər yaşayış məntəqələri ilə birləşdirən dairəvi avtomobil yolu asfaltlaşdırılmış, yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Suparibağın bəzi ərazilərində kabelləşmə aparılmış və bu işlər davam etdirilir. Rayonda yeni internet şəbəkəsinin yaradılması layihəsinin icrasına başlanmışdır ki, buna da məhz buradan start verilmişdir. Hazırda ərazidə beynəlxalq avtomobil yolu körpüsünün tikintisi yekunlaşmaq üzrədir. İşlər bitdikdən sonra gömrük keçid məntəqəsinin əraziyə köçürülməsi ilə böyük terminallar və logistika mərkəzi inşa ediləcəkdir. Bütün bunlar yeni iş yerlərinin açılması deməkdir. Abadlıq işləri bundan sonra da davam edəcəkdir.
Sakinlər çıxışlarında Respublikada və rayonda getdikcə geniş vüsət alan quruculuq-abadlıq işlərinin onların yaşayışını, həyat səviyyəsini gündən-günə yaxşılaşdırdığını qeyd edərək, bütün bunlara görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Səyyar qəbullarda qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirən kənd sakinləri yeni elektrik transformatorunun qoyulmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və SİP kabelləşmənin aparılmasına, internet xətlərinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Görüş iştirakçılarının arzu və təklifləri dinlənilərək qaldırılan bir sıra məsələlərin həll ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, digərlərinin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.
İcra başçısı görülən işləri yüksək qiymətləndirdiklərinə görə sakinlərə minnətdarlıq edərək bildirmişdir ki, qloballaşan dünyamızda Azərbaycanın öz yolu, istiqaməti, müstəqilliyimizin daimi və əbədi olması, xalqımızın azad, firavan yaşaması üçün strateji hədəfləri vardır.
Torpaqlarımızın işğaldan azad edilməsi zamanı Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalqımızın sarsılmaz birliyindən danışan icra başçısı, bu birliyin daha möhkəm olmasından ötrü, dövlətimizə və xalqımıza qarşı yönələn xain baxışların, çirkin niyyətlərin ifşa edilməsinin vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, müstəqil dövlətimizin tərəqqisini istəməyən, inkişafına əngəl olan qüvvələrə qarşı mübarizə aparmaq hər birimizin vacib borcudur. Bu gün erməni terror dövləti ilə birləşən fars-molla rejimi ölkəmizin inkişafına əngəl olmaq üçün hər cür çirkin vasitələrə əl atır, terrorlar törədir, iftiralar yağdırırlar. Yaşadığınız Qapıçıməhəllə və nümayəndəliyin digər kəndləri İranla birbaşa sərhəddə yerləşdiyindən siz daim ayıq-sayıq olmalı, çirkab içində çabalayan, can verən rejimin təxribatlarının qarşısının alınması üçün bütün imkan və vasitələrdən istifadə etməlisiniz.
İnanıram ki, hər biriniz cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək həmişə olduğundan daha artıq vətənpərvərlik nümayiş etdirəcək, xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərə öz töhfələrinizi verəcəksiniz. Bu yolda sizə uğurlar arzulayıram.