– Qoşulmama Hərəkatına sədrlik. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı;
– Ali məqsədlər. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu;
– Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib;
– Mühüm təşəbbüs. Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı;
– Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib;
– Bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə ciddi maneədir. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu;
– Önəmli meyar. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi;
– Maliyyə yardımı. Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib;
– İnstitusional inkişaf. Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib;
– Qoşulmama Hərəkatının Gənclər Təşkilatı. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək;
– Arzuolunmaz tendensiyalar. Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir;
– İkili standartlar siyasəti. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir;
– Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir;
– Bu gün neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir;
– Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir;
– Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq;
– Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun;
– BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir;
– Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib. Hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir;
– Azərbaycan BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər;
– Suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığı daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib;
– Qlobal təhdidlər. İqlim dəyişikliyi bəşəriyyət üçün digər bir təhdiddir və su qıtlığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur;
– İnkişaf edən kiçik ada ölkələri daha çox diqqətəlayiqdir. Onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşiblər;
– Humanitar missiya. COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək;
– Azərbaycanın iki qlobal çağırışı. Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək. Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır;
– BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır;
– BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə baş vermiş hadisə. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi;
– İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur;
– Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırılır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir;
– Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır;
– Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir;
– Mühüm təklif. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edir;
– Sülhə doğru mühüm addım. Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.