Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulu Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Dürriyə kəndində keçirmişdir. İcra başçısının rayonun inzibati orqanlarının, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirdiyi görüş sakinlər tərəfindən razılıqla qarşılanmışdır.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirmişdir ki, burada və nümayəndəliyin ayrı-ayrı kəndlərində əvvəllər keçirdiyimiz görüşlərdə tərəfinizdən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi son illər Dürriyə kəndində və nümayəndəliyin digər yaşayış məntəqələrində mühüm əhəmiyyətli işlərin görüldüyünü bildirmişdir. Deqadi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırıldığını, ərazidə bir neçə körpünün salındığını, 8 müasir tipli məktəb və Pəlikəş kənd sahə xəstəxanası üçün yeni binaların tikildiyini, mövcud olduğu tarixdən yolu və işığı olmayan Dolu, Diqo, Şəvqo, Sibiyyət, Avyarud kəndlərinə avtomobil yollarının və elektrik xəttinin çəkildiyini, yeni transformatorların qoyulduğunu, elektrik xətt təsərrüfatında vaxtaşırı təmir işlərinin aparıldığını, torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş 18 ailə üçün yeni fərdi yaşayış evlərinin tikildiyini diqqətə çatdırmışdır.
Rayon mərkəzindən xeyli aralı, dağlıq ərazidə yerləşən kəndlərdə görülən yüksək səviyyəli abadlıq, quruculuq işlərinin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmişlər. Çıxış edənlər Dürriyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri, elektrik xətt təsərrüfatının təmiri barədə təkliflərini də vermişlər.
İcra başçısı sakinləri dinləyərək yerində həlli mümkün olan məsələlər barədə aidiyyəti üzrə tapşırıqlar vermiş, digərinin həlli barədə tədbirlərin müəyyənləşdirildiyini bildirmişdir.
Bütün görülən işlərin cənab Prezidentin rəhbərliyi ilə həyata keçirildiyini vurğulayaraq hazırda əsas problemin Dürriyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri və Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisindən ibarət olduğunu bildirmiş, hər iki məsələnin həlli ilə əlaqədar artıq addımlar atıldığını sakinlərin diqqətinə çatdırmışdır.
İcra başçısı qüdrətli dövlətimiz üçün bugünkü gündə həlli mümkün olmayan problem yoxdur deyə vurğulamışdır. Bildirmişdir ki, böyük inkişaf və tərəqqi yolunda olan müstəqil Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi möhkəm təməl üzərində qurulmuşdur. Bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin beynəlxalq miqyasda tanınması üçün əlindən gələni edir. Bu düzgün siyasətin nəticəsi idi ki, cəsur gənclərimiz Müzəffər Ali Baş Komandanın çağırışına səfərbər olaraq qısa müddətdə müqəddəs torpaqlarımızı erməni quldurlarından azad etdilər. Xalqımız dəmir yumruq kimi Prezidentinin ətrafında birləşərək düşmənə sarsıdıcı zərbə endirməklə layiq olduğu yeri göstərdilər. Bu zəfərdən sonra Azərbaycan artıq bütün dünyada qalib ölkə kimi tanınır.
Bilirsiniz ki, azğın düşmən işğal dövründə Qarabağı tamamilə talamış, bütün infrastrukturu vəhşicəsinə dağıtmışdır. Hazırda azad edilən torpaqlarda sürətli tikinti-bərpa işləri aparılır. Cənab Prezident təkcə ayrı-ayrı sosial obyektlərin deyil, bir-birinin ardınca bütöv şəhərin, qəsəbənin, kəndin təməlqoymasını aparır, açılışlar edir. Bu dünyada görünməmiş bir hadisədir. Bütün bu işlərin böyük maliyyə vəsaiti tələb etməsinə baxmayaraq güclü iqtisadiyyata malik dövlətimiz bunun öhdəsindən məharətlə gəlir. Çox keçməz ki, biz yenidən bənzərsiz gözəlliyə malik yurdumuzun bu cənnət guşəsini tamamilə abad bir məkan kimi görəcəyik. Çünki biz Qalib Prezidentimizin iradəsinə və xalqımızın gücünə hədsiz inanırıq.