09 iyun 2023-cü il tarixində Pensər kənd Folklor evində Astara Rayon İcra Hakimiyyətinin, Astara Rayon Polis Şöbəsinin, Astara Rayon Gənclər və İdman İdarəsinin, Astara rayon Təhsil Sektorunun, Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Pensər kənd Folklor evinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onların fəsadları” mövzularında maarifləndirici seminar keçirilmişdir. Tədbirdə Pensər kənd 1 və 2 saylı tam orta məktəblərinin yuxarı sinif şagirdləri və müəllim heyəti iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Astara Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev əsrin bəlası olan narkomaniyaya qarşı mübarizənin təşkili məqsədilə belə tədbirlərin həyata keçirilməsinin mühüm olduğunu qeyd etmiş və əlaqədar təşkilatlara minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, hər bir gənc sağlam böyüməlidir. Lakin narkomaniyaya meyl edən gənclərə hələ də rast gəlmək mümkündür. Məhz bu səbəbdən təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətlə yanaşmalı, vətənpərvər olmalıdır.
Daha sonra Astara Rayon Polis Şöbəsinin baş inspektoru, polis mayoru Valeh Məmmədov, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fəhmin Qurbanov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digər rəsmi şəxslər çıxış etmişlər.
Çıxış edənlər tədbirin əsas məqsədinin Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı”nın, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nın müvafiq maddələrinin yerinə yetirilməsi, sağlam həyat tərzinin təbliği və tərənnüm edilməsi olduğunu qeyd etmişlər.
Tədbirdə iştirak edən müxtəlif yaş qruplarından olan valideynlərə, müəllimlərə, gənclərə və məktəblilərə erkən nikah, qohumlar arasında nikah və məişət zorakılığının cəmiyyətimiz üçün yaratdığı böyük təhlükə barədə, yetkinlik yaşına çatmayanların işləri və hüquqları ilə əlaqədar müvafiq qanunlar haqqında ətraflı məlumat verilmiş, qeyd olunan problemlərə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanmışdır. Tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmişdir.
Sonra narkotik vasitələrinin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarx nümayiş etdirilmişdir.