Azərbaycan idmanına bir çox yetirmələri ilə töhfəsini vermiş, rayonun idman ictimaiyyətinin ağsaqqalı, idman sahəsində dövlətimizin ən yüksək mükafatlarına layiq görülmüş, ən başlıcası isə insani keyfiyyətlərinə görə böyük hörmət sahibi olan Həmidov Tofiq Sadıx oğlunun 75 yaşı bu gün tamam olmuşdur. Bununla əlaqadar Astara RGİİ-nin rəisi Rufan Şirinov, Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov peşəkar məşqçi və idman xadimi Tofiq Həmidovun evində olmuş, rayonun idman ictimaiyyəti adından ona hörmət və ehtiramlarını bildirmiş, sağlamlıq və fəal ictimai fəaliyyət arzulamış, Astara RGİİ-nin fəxri fərmanını təqdim etmişlər.
Tofiq Həmidov idman sahəsində səmərəli fəaliyyətinə görə “Azərbaycan SSR əməkdar məşqçisi” , “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” və “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülmüşdür.
Tofiq Həmidov 02 iyul 1948-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur. O, idman sahəsində 50 ilədək fəaliyyətinə 1971-ci ildən məktəbdə bədən tərbiyəsi müəllimi kimi başlamışdır. 1972-1992-ci illərdə Astara Uşaq Gənclər İdman Məktəbində Sərbəst güləş üzrə məşqçi-müəllim, 1992-2016-cı illərdə həmin məktəbin direktoru, 2016-2020-ci ilərdə isə dərs hissə müdiri kimi çalışmışdır. Yetirmələri Aslan Ağayev, Nadir Həmidov və digərləri SSRİ, Avropa və Dünya birinciliklərində və çempionatlarında, beynəlxalq turnirlərdə qalib olmuş və fəxri yerlər qazanmışlar.
Astarada idman sahəsində fəaliyyət göstərən müəllimlərə, məşqçilərə, təşkilat rəhbərlərinə örnək olan, gözəl insan, nümunəvi valideyn Tofiq müəllimə sağlam həyat və uzun ömür arzulayırıq.