“Zəngəzur Azərbaycanın qədim torpağı olub. XX əsrdə xarici havadarların yardımı ilə erməni təcavüzkarları tərəfindən mərhələ-mərhələ zəbt olunaraq Azərbaycanın torpağı olan İrəvan xanlığının ərazisində yaradılmış Ermənistan dövlətinə birləşdirilmişdir.
1929-cu il noyabrın 29-da Sovet Rusiyasının hərbi və siyasi dəstəyi ilə sahəsi 9 min kvadratkilometr olan Ermənistan Sovet Sosialist Respublikası yaradıldı. Həmin il dekabrın 1-də Azərbaycanın Zəngəzur bölgəsinin böyük bir hissəsi- Qafan, Sisyan, Gorus, və Mığrı Sovet Ermənistanına pay verildi. Burada yaşayan Azərbaycan türkləri taleyin ümidinə buraxıldı.”
Heydər Əliyev,
Azərbaycan xalqının Ümummilli Lideri
“Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq, görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır.
Zəngəzur Azərbaycan torpağıdır və 1920-ci ilə qədər bütün beynəlxalq sənədlərdə, xəritələrdə və yazışmalarda bura Azərbaycan əraziləri kimi qeyd edilib. Əlbəttə, Cümhuriyyət dövründə Amerika və onun Qafqaz üzrə hərbçiləri Zəngəzurun ermənilərə verilməsi istiqamətində çox iş gördülər, ordunu ordan çıxardılar, daşnakların günahsız azərbaycanlıların qətl edilməsinə göz yumdular, minlərlə azərbaycanlının torpağından zorla qovulmasına susdular. Amerikanın ardınca buranı işğal edən Sovetlər, məhz Rusiya qədim Azərbaycan torpaqlarının ermənilərə verilməsini sənədləşdirdi.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın qədim mahallarından olan Zəngəzur 7824 kv.km ərazisi ilə indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarını əhatə edir.
“Zəngəzur” sözü təmiz türk mənşəli toponimdir. “Zəngi” – qədim türk tayfasının adıdır və bu gün bu ərazidə yerləşən bir çox coğrafi adların – Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan, Zəncan, Zəngilli və s. kimi kənd, çay, dağ adlarının qaynağıdır.
Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov və digər bu kimi dünya şöhrətli tarixçilərin əsərlərində bu türk tayfasının adına tez-tez rast gəlinir. “Zəngəzur” sözünün ikinci leksemi olan “zur” – qədim türk dillərində dağlıq, yarğanlıq, qayalıq kimi anlamları ifadə etməklə, zəngilərin yaşadığı dağlıq ərazinin relyefini səciyyələndirir.
Tarixi mənbələrdə, qədim səyyahların memuar və tədqiqatlarında da Zəngəzur türklərin yurd yeri kimi təqdim edilir.
Qədim türk eposu “Kitabi-Dədə Qorqud” dastanındakı hadisələrdən bəziləri Zəngəzurda cərəyan edir. Kitabdakı xeyli yer, şəxs, tayfa adı indi də bu ərazidə mövcuddur – Gorus, Əngəleyüz, Dondarlı, Ulaşlı, Qundanlı, Əkərək, Boynəkər, Basat çayı, Qapıcıq dağı, İçağız və Daşağız mağara kahaları, Ağqaya, Qaragöl, Qaradağ, Ağdüz, Qarayer, Ağdərə, Ağqaya, Ağbulaq, Qaraqaya, Qarasu, Qaraçay, Qara dərə, Qarahun dərə, Xocik, Ağhasar və sair. (Mənbə: Dövlət Tərcümə Mərkəzi)
“1920-ci ilin 28 aprelində Bakı şəhərinin qırmızı terror-bolşeviklər tərəfindən işğal edilməsindən sonra onlar Azərbaycanın tamam ələ keçirilməsi üçün irəli getdilər. 19 iyun 1920-ci ildə Leninə teleqram göndərilir və orda yazılır: “Qarabağ və Zəngəzurda Sovet hakimiyyəti quruldu, qeyd edilən ərazi sakinləri özlərini Azərbaycan Sovet Respublikasının ayrılmaz hissəsi hesab edirlər” (Mənbə: Центральный партийный архив Института марксизма – ленинизма при ЦК КПСС (в дальнейшем – ЦПА ИМЛ). Ф. 461. On. 1. Д. 4525. Л. 1).
Bir neçə gündən sonra Serqo Orconikidze Lenin, Stalin və Çiçerinə yazır:
“Erməni inqilabçı Ter-Qabrelyanla danışdım, o, Dərələyəz uyezdinin Ermənistana verilməsi şərti ilə Qarabağ və Zəngəzurun Azərbaycan tərkibində qalmasına etiraz etmir, biz bununla bağlı yoldaş Nərimanovla danışacağıq” (Mənbə: Архив МИД СССР. Д. 54862, Л. 25 – 28).
Bu məktubdan sonra Nəriman Nərimanovun Serqo Orconikidze ilə telefon danışğı olur. Nərimanov ona deyir: “Qarabağ və Zəngəzur Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu barədə heç bir söhbət ola bilməz. Siz nəyi gözləyirsiz? Ermənistanla artıq sülh şəraiti var” (Mənbə: ЦПА ИМЛ. Ф. 64. On. 1. Д. 17. Л. 33, 34).
Serqo Orconikidze Çiçerinə bu danışıqdan sonra teleqram göndərir və orda qeyd edilir: “Nərimanov Qarabağ və Zəngəzurun Azərbaycana birləşdirilməsini tələb edir, mən etiraz etmirəm, ancaq bu iki əraziyə muxtariyyət verilsin, mən onları məcbur edə biləcəm buna” (Mənbə: ЦПА ИМЛ. Ф. 64. On. 1. Д. 17. Л. 66).
Bir müddət sonra Çiçerin və surəti Orconikidze olmaqla, Nərimanov, Midivani, Mikoyan və Nuridcyan imzası ilə göndərilən teleqramda yazılır:
“Zənzəgur və Qarabağ mübahisəli ərazi sayıla bilməz, buralar Sovet Azərbaycanının ayrılmaz tərkib hissəsdir. Dro tərəfindən qətl edilən minlərlə erməni isə Azərbaycanda sığınacaq tapırlar” (Mənbə: Архив МИД СССР. Д. 56822. Л. 36).
1920-ci il 10 avqustunda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarır, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunur.
Lakin Serqo Orconikidze dayanmaq bilmir və bütün gücü ilə Zəngəzurun ermənilərə verilməsini müdafiə edir. Moskva Azərbaycanı güzəştlərə məcbur etmək üçün “proletar beynəlmiləlçiliyi” deyilən təbliğat vasitələrindən istifadə edirdi. Bu məsələ bir neçə dəfə müxtəlif səviyyələrdə müzakirə olundu. Lakin bu bölgəni xilas etmək mümkün olmadı.
1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi. Sovet Ermənistanına isə hədiyyə növbəti gün edilir. 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərar ilə Zəngəzurun taleyi həll olundu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv verstlik ərazisindən 3.105 kv versti Azərbaycan SSR tərkibində qalır, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilir.
Sovet illərində bu ərazilərdən azərbaycanlıların bir neçə dəfə qovulması həyata keçirilib. Sonuncu dəfə 1988-ci ildə Zəngəzur, Göyçə, Dərələyəzdə, İrəvan, Vedi – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritədən silindi. Yerində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı.
Hazırda Ermənistanın hərbi nəzarətində olan Zəngəzur ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində mövcud olmuşdur. Erməni, rus, fars mənbələrində bu barədə birmənalı, təkzibolunmaz faktlar, məlumatlar mövcuddur ki, Zəngəzur Azərbaycan torpağıdır. Erməni tarixçisi Gevork Aslan yazır:
“Ermənilərdə heç vaxt dövlətçilik olmamışdır, onlarda vətən hissi və vətənə bağlılıq olmamışdır, nə də siyasi bağlarla vətənə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlı olmuşdur”.
Bəli, amerikalılar, sonra isə ruslar dövlətçiliyi olmayan bir millətə Azərbaycan torpaqları hesabına dövlət yaratdılar.” (Mənbə: Dosent Zaur Əliyev. AMEA –nın Elm Tarixi İnstitutunun elmi katibi)
Zəngəzurun Azərbaycanın bir hissəsi olması danılmaz tarixi faktdır. Bu tarixi faktı ermənilərin öz dillərindən də eşitmişik.
“Sosial şəbəkələrdə yayılan bir video Zəngəzurun Qafan rayonunun Mahmudlu kəndində çəkilib. Videoda hazırda orada yaşayan erməni bir zamanlar qonşusu olmuş Səməd Qarayevə ismarış göndərir. Daha sonra yaşlı erməni yaxınlıqdakı evini göstərərək deyir ki, “bu, Səməd Qarayevin evidir”.
Qarayevlər ailəsinin qapısını döydük. Qapını üzümüzə oğlu açdı. Və bildirdi ki, Səməd kişi bir il öncə vəfat edib. Oğlu Eldar Qarayev deyir ki, atası məlum videonu ölmədən öncə görüb, həmin ermənini də tanıyıb. Səməd Qarayev o dönəmlər “sovxoz” sədri işlədiyi üçün işi ilə əlaqədar Qafan rayonunu ən son tərk edənlərdən biri olub. O, azərbaycanlıların zorla çıxarıldığı evlərə ermənilərin köçürülməsini öz gözləri ilə görüb. Videoda danışan erməni də Qarayevlərin qonşusunun evində məskunlaşıb.
Yaşlı erməni azərbaycanca deyir ki, “ağacların barı-bəhəri də sizinlə gedib”. Qoca bunu deməklə o torpaqların gerçək sahiblərinin azərbaycanlılar olduğunu təsdiq edir.
Səməd Qarayev digər həmyerliləri kimi, 30 ildən çox vətən həsrəti çəkib. Qafana qayıtmaq ümidi ilə yaşayan Səməd kişi böyüyüb boya-başa çatdığı Zəngəzur haqqında, ermənilərin azərbaycanlıları yurd-yuvasında didərgin salmaları haqqında 4 kitab yazıb.
Zəngəzur sakinləri çox yaxın zamanda öz dogma yurdlarına geri qayıdacaqlar. Torpağın əsl sahibləri geri dönəndə ağaclara bar da verəcək. Azərbaycanlılar qoca erməninin göndərdiyi salamı elə öz evlərində alacaqlar.” (Mənbə: modern.az)
Tarixi vərəqləsək görərik ki, indiki Ermənistan Respublikası tarixi Azərbaycan ərazisində salınıb. Həmişə “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər qonşu dövlətlərə, xüsusilə, Azərbaycan Respublikasına ərazi iddialarında olmuşlar. Zəngəzurun Ermənistana verilməsinin davamı olaraq 1990-cı illərdə Dağlıq Qarabağ və ətraf ərazilər daşnak ermənilər tərəfindən işğal olundu. 30 ilə yaxın müddətdə doğma yurd yerlərimizi özününkiləşdirilməyə çalışdılar. Bu 30 il müddətində torpaqlarımızdakı təbii sərvətləri mənimsəyib, ərazidə yerləşən məscidləri, tarixi abidələri, yaşayış evlərini viran etdilər, meşələri qırıb yandırdılar.
2020-ci il 27 sentyabr tarixində başlanan 44 günlük haqq savaşımızda Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunun, xalqımızın birliyinin və yenilməz ordumuzun gücü hesabına Qarabağ və ətraf ərazilər işğaldan azad olundu. Düşməni “iti qovan” kimi torpaqlarımızdan qovduq, “məğlubedilməz Ermənistan ordusu” na diz çökdürdük.
30 ilə yaxın işğal dövründə torpaqlarımızda törədilmiş vəhşiliklər göz qabağında olsa da, dünya ictimaiyyəti hələ də görməməzlikdən gəlir. Dəfələrlə dövlət başçısı, cənab prezidentimiz İlham Əliyev tərəfindən bu ərazilərə çağrılsalar da müxtəlif bəhanələrlə əksər beynəlxaq təşkilatlar bundan boyun qaçırırlar. Bütün bunlara baxmayaraq Ali Baş Komandan demişkən “biz tarixi ədaləti bərpa edib, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmişik.”
Bu gün biz Qarabağa, Şərqi Zəngəzura artıq qayıtmışıq. Birinci Qarabağ müharibəsində dədə-baba torpaqlarından zorla qovulmuş insanlarımız öz evlərinə qayıdırlar. Çox da uzaqda olmayan gələcəkdə inanıram ki, biz Zəngəzur mahalının bütün ərazilərinə də qayıdacağıq.
İllər, qərinələr ötsə də, xalq deyimində deyildiyi kimi “tarix vaxtaşırı təkrarlanır”. Xalqın birliyi, sərkərdənin güclü siyasətinin nəticəsi və milli ordumuzun gücü hesabına tarixi zəfərimiz milli kimliyimizdə olan qara ləkəni təmizlədi. Bu tarixi qələbə ilə düşmənə Azərbaycanın gücünü göstərmiş olduq. Həm də 30 ilə yaxın işğal dövründə dövlət və millət olaraq səbr nümayiş etməyimiz bizim sülhsevər olduğumuzun bariz nümunəsidir.
Yazan əllərin sahibi kimi bütün Azərbaycan torpaqlarında tarixi ədalətin bərpa olunmasını arzulamaq ən azından mənəvi haqqımdır. Qısa zaman ərzində Qarabağa qayıdışı qürurla izlədiyimiz kimi, Zəngəzur mahalının da əsl sahiblərinin köçü mütləq baş tutacaqdır.
Sonda fikrimi nikbin notlarla- Vətən müharibəsində hamımızın ümumi şüarına çevrilən və düşmənə qarşımızda diz çökdürən bir cümlə ilə yekunlaşdırmaq istəyirəm. “Biz birlikdə güclüyük!”
Əlvan İbayev,
“Astara” qəzetinin baş redaktoru