Gürcüstan Hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün FHN-in xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi Gürcüstana yola düşüb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Barjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak edəcək xilasetmə dəstəsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 10 yanğınsöndürmə avtomobili və 79 nəfərlik şəxsi heyəti (fərdi yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş), Mülki Müdafiə Qoşunlarının 4 texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub. Həmçinin Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğının baş verdiyi mürəkkəb relyefli ərazilərdə daha operativ xilasetmə və yanğınsöndürmə əməliyyatları aparılması məqsədi ilə xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə hadisə yerinə desant çıxarılması üçün ezam olunub.
Meşə yanğınının söndürülməsi məqsədi ilə qonşu ölkəyə ezam edilən Nazirliyin xilasetmə dəstəsinin operativ və səmərələi fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsi üçün ərazidə FHN-in MMQ-nin səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlarının qurulması və səyyar mətbəxin açılması nəzərdə tutulub. Bununla bağlı bütün təminat Azərbaycan FHN tərəfindən həyata keçiriləcək.
Ümumilikdə təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 15 texnikası, o cümlədən 1 helikopteri və 126 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.
FHN-nin xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə Gürcüstana çatıb. Qeyd edilən digər texnikalar və canlı qüvvə yaxın saatlarda Azərbaycan-Gürcüstan dövlət sərhəddini keçəcəklər.
Bir daha xatırladaq ki, avqustun 22-dən FHN-in Aviasiya dəstəsinin xüsusi avadanlıqla təchiz olunmuş 1 helikopteri 11 nəfər şəxsi heyəti ilə yanğınsöndürmə əməliyyatına qoşulub.