Tanınmış yazıçı publisist Gülnar Əsədlinin imzasını, yazı tərzini son vaxtlara qədər ancaq sosial şəbəkədən, bir az da dəqiqləşdirsək Fb səhifələrində izləyə bilirdim. Doğrusu mənim də yazdıqlarıma , o cümlədən, ciddi sosial problemlər qaldıran müəlliflərin qeydlərinə fəal və əsasən obyektiv münasibət bildirdiyindən diqqətimi cəlb etmişdi.

3 saylı Bakı mətbəəsində onun nəfis şəkildə, yüksək poliqrafik səviyyədə çap olunmuş “Vətən aşiqləri ” kitabını görənə qədər bu onlayn ünsiyyət beləcə davam etdi.

Görkəmli naşir , Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov üz qabığının diqqəti çəkən təsvirinə baxdığım “Vətən aşiqləri” kitabını götürüb mənə təqdim etdi: “buyur, maraqlanırsansa apara bilərsən”- dedi.

Doğrusu işimin çox , vaxtımın məhdud olduğunu bilsəm də ustadın hədiyyəsindən imtina etmədim, hələ kitabı götürəndə bir söz də dedi: “oxu,qeydlərini elə, müəllif də nə vaxt gəlsə sənin üçün aftoqraf yazar”.

Bu artıq tapşırıq idi. Mən də ustadın sözündən çıxa bilməzdim kitabı bir neçə gün özümlə işə aparıb gətirdim yazmağa imkan yox idi. Bu bayram günlərində Gülnar Əsədlinin “Vətən aşiqləri” kitabını diqqətlə vərəqlədim. Bu tanışlıq məni çox mətləblərdən agah etdi. Sən demə, Gülnar kifayət qədər məhsuldar yazan jurnalistdir, sosial mənəvi mühitə nüfuz edə bilən yazıçıdır. Yaşadığı bölgədə-Astarada yaşayır, yaxşı tanınır, fəal ictimai xadimdir və bir az da səmimi olsam deməliyəm ki , elə Azərbaycanda da onu az tanımırlar.

Məşhurlardan birinin deyimini tez-tez yada salıram: “Elə bir namuslu əmək yoxdur ki, əvvəl-axır öz dəyərini almasın”. Hələlik bu dəyər Gülnar Əsədli üçün insanların sonsuz hörməti və sevgisidir. Heç bir əlavə gəlir mənbəyi olmadan , yeganə işi qələmindən yapışmaqla həyatı təəssüratlarını yazıya gətirmək olan Gülnar Əsədli bir neçə maraqlı kitabın müəllifidir.

1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib , doğma rayonunda fəaliyyət göstərən “Astara ” qəzetində çalışır, bir birinin ardınca çap olunan kitabları, vacib sosial problemləri qaldıran publisist yazıları onu həm də vicdanlı yazıçı kimi tanıdır. Təsadüfi deyil ki, Gülnar Əsədli həm jurnalistlər birliyinin, həm də yazıçılar birliyinin fəal üzvlərindəndir. Bir çox ictimai təşkilatların mükafatları ilə təltif olunub.

“Haqqın dərgahında”(1999) “Taleyin qisməti”(2000) “Nura qərq olmuş Astaram”(2004) “Pərvanəsiz dünyam”(2005) “Yaşanmış ömrün işığında”(2005) “Eşq məbədi”(2006) “İlahi nurunda”(2009) kitablarının müəllifidir.

Yuxarıda qeyd etdiyim namuslu əmək heç vaxt əvəzsiz qalmır. Gülnar Əsədli 2020-ci ildə “Tərəqqi ” medalı ilə təltif olunub. Bu da onun mənəvi mühitini eşq ilə yazmasına dövlətin verdiyi dəyərdir. 2021-ci ildə Qarabağ müharibəsi Əlilləri , Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətə görə” medalı ilə də təltif olunub. Bütün bunlar öz yerində. Bu zəngin həyat materialını faktlar əsasında çevirdikcə bu sahənin ən dəyərli yazarlarının adları da gözlərimin önündən keçdi: “Elman Eldaroğlunu xatırladım. Düşünürəm ki, onun istedadı ilə Gülnar Əsədli kimi fədakar yazarların obrazları daha dolğun ifadə oluna bilərdi”.

Astara mənim üçün çox əziz bir məkandır. Burada mənim tələbə yoldaşlarım, doğmalarım, dostlarım yaşayıb işləyiblər, İndi də məni Astarada əziz bilənlər az deyil. Publisist yazıçı Adil Ağa Əhmədov, məktəb direktoru tanınmış pedaqoq Akif İsgəndərov və başqaları var. Həyatımızın indiki gərgin çağları bizi ünsiyyətdən təcrid etsə də onların zəngin mənəvi mühitlərini unutmuram. Axı cəmiyyətə fədakarlıqla xidmət göstərən, işi, zəhməti ilə ömür yaşayan adamları görmək, onları cəmiyyətin özünə tanıtmaq əslində qələmi olan hər kəsin borcudur. Və demək Gülnar Əsədli də özünün mənalı həyatını sözü ilə işığa çevirirsə onun da qarşısında danılmaz mənəvi borcumuz var.

Gülnar Əsədlinin “Vətən aşiqləri” kitabı həyatının mənasını sözdə tapan vətən sevdalı bir müəlifin bir nəfəsə oxuduğu nəğmə təsiri bağışlayır. Kitabın səhifələrini çevirdikcə biz müəllifin vətən sevərliyini, dövlətçilik yoluna sədaqətini bir başa hiss edirik. Bu kitabda müəllifin ən üstün hisslərini elə annotasiya əvəzi qeydlərindəcə duyuruq. Ali Baş Komandanın qətiyyəti və siyası iradəsi ilə,  “Dəmir yumruq” əməliyyatı ilə  başa çatmış 44 günlük müharibənin şəhidləri, qaziləri haqqında sözün həqiqiq mənasında könül duyğuları ilə süslənmiş qeydlərini həyəcansız oxumaq olmur. Müəllif sonsuz bir istəklə bildirir ki , o bu yazıları xoş məramlı duyğular kimi qələmə alıb və inanır ki , dəyərli oxucular onun bu həssas duyğularına, könül çırpıntılarına doğmalıqla yanaşa biləcəklər.

Müəllif kitabın nəşrinə görə görkəmli siyasi xadim Mübariz Qurbanlıya və nəşrdə əməyi olan hər kəsə xüsusi minnətdarlığnı həssas insani duyğularla ifadə edir.

Müəllif bu əsərini dövlətçilik ənənəsinin qorunması üçün siyasi dərs kitabi hesab etdiyindən kitabın əvvəlində Ulu Öndərin və Ali Baş Komandanın rəngli portret şəkillərini də təqdim edir. Mən xüsusi ilə təqdir edirəm ki, kitabda dövlət himnimizin də mətni verilib: bütün bunlar Gülnar Əsədlinin öz işinə necə məsuliyyətlə yanaşmasının təzahürü ki başa düşülməlidir…

Sonra bir neçə kəlmə ilə kitabın necə yaranması haqqında düşüncələrini də müəllif qeydi ilə oxuculara çatdırır. Ön sözə əlavə olaraq İradə Məlikovanın və redaktor Mehman Fərzullayevin qeydləri də kitaba bələdçi təsiri bağışlayır və maraqla oxunur.

Kitab bir neçə bölmədən ibarətdir: birinci bölmədə maraqlı yazılar var məni ən çox təsirləndirən işğal edilmiş ərazilərin toponimik adlarının təqdim edilməsi oldu bizim Cəbrayıl rayonunun işğaldan azad edilən ərazilərinin adları arasında sanki öz adımı da görürdüm.  Bəli, səhv etmirəm öz adımdan danışıram. Ən azı bu siyahı ona görə dəyərlidir ki, Gülnar Əsədlinin oxucuları 30 ilə qədər işğal altında qalmış Azərbaycanın ərazilərini adbaad oxuya bilirlər. İlk baxışdan bizə elə gəlir ki, işğaldan azad olunan kəndlərin adlarını sadalamaq elə də çətin deyil. Amma yüzlərlə kəndin, yaşayış məskəninin adını qeyd etmək, bu kəndlərin faciələrini xatırlamaq müəllifdən necə böyük vətən sevgisi istədiyini bilmək üçün bəs edir.

Müəllifin sonsuz sevgi ilə Ali Baş komandanın ” Qarabağ Azərbaycandır!” ifadəsini təkcə yazıda işlənmiş həyəcan hökmü kimi qəbul etmirik. Sanki “Qarabağ Azərbaycandır!” ifadəsinin arxasında həm Ali Baş Komandanın səsini eşidirik, həm də “Vətən aşiqləri ” kitabının yazarı Gülnar Əsədlinin öz səsini eşidirik, onun vətən duyğulu həyəcanını qavrayırıq.

Müəllif Mərasim Hacızadənin “Yaşa , Ali baş komandan” şeirini də kitabına daxil edib. şübhəsiz,  bu kitab məktəblərdə muzeylərdə əl-əl gəzəcək və burada müəllifin vətənə sevgi notları ilə qələmə aldığı sətirlər gənc nəslin dilinin əzbəri olacaq.

İkinci bölümdə “Tarixin yaddaşından” adlı maraqlı bir mətn də verilib. Mətndə Azərbaycan Xalq Cumhuriyyəti dövrünün çox dəyərli məlumatları oxucuya çatdırılıb, o dövrdə Azərbaycanın əhatə etdiyi ərazilərdən söhbət açılır. Bunun da əhəmiyyəti kifayət qədər məlumdur.

Üçüncü bölüm “Bir ömürlük xatirə” adlanır bu mətndə də müəllif təəssuratları əsas götürülür. Qarabağı işğal edən düşmənin törətdiyi müharibə cinayətləri xatırlanır. Bütün bunlar əslində yaddaş örnəkləridir. heç vaxt unudulmaycaq tarixin sirləri kimi qeydə alınır.

Əfsanəvi qəhrəman Pəncəli Teymurovun döyüş yolunu xatırladan müəllif obraz haqqında ötəri danışmır onun həqiqi vətən qəhrəmanı obrazını səmimi, duyğulu qələmi ilə gözlərimiz önündə canlandırır.

Beşinci bölüm “Tarixi qədim region-Astara” adlanır. Müəllif Astaranı Azərbaycanın ən gözəl güşəsi kimi təqdim edir. Bu zaman ölməz Səməd Vurğunun Azərbaycan şeirini də yada salır. Astara haqqında tarixi qaynaqları xatırlayır, gözlərimizin önündə tarixi bir mənzərə açır.

Altıncı bölümdə birinci və ikinci Qarabağ müharibələrində qəhrəmanlıqları ilə tarix yazan igidlər haqqında çox gözəl hekayətlər verilib. Doğrusu, bu hekayətlərin hər biri vətəni sevməyin, vətəni candan üstün bilməyin nə demək olduğu haqqında suala ürək yanğıları ilə süslənmiş cavab kimi oxunur.

Qazilər, müharibədə ağır zədə almış igidlər Gülnar Əsədlinin qələmindən kənarda qalmır.

Vətən aşiqləri kitabı vətənin igid oğulları haqqında, vətənin müharibə tarixi haqqında yazılmış dəyərli tarixi əsərdir. Əlbəttə, müəllifin ürək qanı ilə yazıldığından faktlar yığını kimi yox , çox təsirli nəğmələr kimi oxunur.

Yedinci bölüm ” Can Azərbaycan” adı ilə qələmə alınmış yekun sözüdür. Kitabın sonunda Azərbaycanın möhtəşəm gələcəyinə, Qarabağın gözəl sabahına doğru yola sonsuz müəllif inamı onun duyğulu sözləri ilə yaddaşımıza həkk olunur. Mənəvi dəyərlərin təbliği fondunun layihəsi kimi təqdim olunan kitab ruhumuzun sanki canlı sakininə çevrilir.

Vətən aşiqləri” kitabının sonunda maraqlı, fərqli kadrları əks etdirən fotoşəkillər də verilib və bu şəkillərin hər biri də tarixi sənədlərdir.

Sözümün sonunda daha bir səmimi qeydimi də çatdırıram. Sənin nə böyük ürəyin var imiş, Gülnar Əsədli.

“Vətən aşiqləri” kitabında əbədi yaşarı vətən aşiqlərinin obrazları parlaq günəş nuru kimi varlığımıza işıq salır. Bu parlaq işıqlar içində müəllifin öz obrazını da, öz işığını da bütün aydınlığı ilə görə bilirik.

                                              Əli Rza Xələfli,                                                         Şair, publisist,                                Beynəlxalq Rəsul Rza mükafatı laureatı