Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi oyuna çıxacaq.
Astarainfo.az”Ölkə.Az”-a istinadən məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Danimarka “Kopenhagen”i ilə “pley-off” mərhələsinin cavab matçında üz-üzə gələcək.
Tarixində ilk dəfə ÇL-in “pley-off”una yüksələn, ardıcıl 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən ölkə çempionu səfərdə lazımı nəticəni təmin etməklə, Azərbaycan futbolu adına ilkə imza atmış olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən həftə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş qarşılaşmada Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla qalib gələrək üstünlük əldə edib. İndi ÇL-in qrupuna düşmək üçün 1:2-dən başlayaraq istənilən minimal fərqli məğlubiyyət də Ağdam klubunun işinə yarayır.
“Kopenhagen” avrokuboklarda son 10 ev oyunundan yalnız 1-də uduzduğu halda, “Qarabağ” cari mövsümdə hər iki səfər matçında qalib gəlib. “Qarabağ” indiyə qədər avrokuboklarda 83 oyun keçirib, bunlardan 32-də qalib gəlib və 29 görüşdə uduzub. Ağdamlılarla matç “Kopenhagen”in avrokuboklarda 178-ci oyunu olacaq. Paytaxt təmsilçisi əvvəlki oyunlardan 73-də qalib gəlib, 63 dəfə uduzub. Avrokuboklarda 88 ev oyunu keçirən danimarkalılar bunlardan 43-də qələbəyə seviniblər, 27 görüşdə isə yeniliblər.
İndiyədək 4 dəfə (2006/2007, 2010/2011, 2013/2014 və 2016/2017) ÇL-in qrup mərhələsində çıxış etmiş “Kopenhagen” turnirin “pley-off” mərhələsində 6 dəfə iştirak edib və bunlardan 2-də qrupa düşməyi bacarıb. Paytaxt təmsilçisi ötən il Kipr təmilçisi APOEL-i, 2010/2011 mövsümündə isə Norveç “Rusenborq”unu keçib. Danimarkalılar Kipr APOEL-i (2009/2010), Çexiya “Viktoriya”sı (2011/2012), Fransa “Lill”i (2012/2013) və Almaniya “Bayer”i ilə (2014/2015) mübarizədən məğlub ayrılıb. Ötən mövsüm ÇL-in qrup mərhələsində 3-cü yeri tutmuş “Kopenhagen” Avropa Liqasının 1/8 final mərhələsində oynamaq imkanı qazanıb və burada iki görüşün ümumi nəticəsinə əsasən, 2:3 hesabı ilə Hollandiya təmsilçisi “Ayaks”a uduzub.
Digər tərəfdən, “Qarabağ”la görüş “Kopenhagen”in baş məşqçisi Stole Solbakken üçün avrokuboklarda 100-cü oyun olacaq.
Qeyd edək ki, bundadək “Qarabağ”la “Kopenhagen” 1998/1999 mövsümündə Kuboklar Kubokunun təsnifat mərhələsində üz-üzə gəliblər. Danimarka təmsilçisi evdə 6:0, səfərdə 4:0 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası
“Pley-off” mərhələsi, cavab oyunu
23 avqust
22:45. “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hakimlər briqadası İspaniyadandır)
Hakim-inspektor: Alfredo Trentalanye (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Kopenhagen. “Parken” stadionu
İlk oyun – 0:1