Rayon icra hakimiyyətində “Heydər Əliyev İli”-nin yekunlarına həsr edilmiş yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Tədbirdə müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilmişdir.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasəti nəticəsində özünün ən çiçəklənən dövrünü yaşayır.
Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilən ölkəmiz, xalqımız üçün ən uğurlu illərdən biri olan 2023-cü ildə qarşıda duran bütün vəzifələr həllini tapmış, ölkəmizin suverenliyi tam bərpa edilmiş, dinamik inkişafı təmin edilərək beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Ölkə başçısı tərəfindən vətəndaşların təhlükəsizliyi, rifah halının yaxşılaşdırılması, sosial sahədə mövcud olan problemlərin aradan qaldırılması daim diqqət mərkəzində olmuşdur.
2023-cü ilin ən əlamətdar hadisəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni terrorçularına qarşı 19 sentyabr tarixində keçirilən antiterror tədbirləri oldu. İgid oğullarımız cəmi bir sutka ərzində düşməni darmadağın edərək diz çökdürdülər. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi bərpa edildi. Bu tədbirlərdə rayonumuzun igid oğulları da iştirak etdi, şəhidlərimiz və qazilərimiz oldu.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də, prezidentlik fəaliyyətinin 20-ci ildönümündə Şanlı Bayrağımızı Xocalıda, Xocavənddə, Ağdərədə, Əskəranda və Xankəndidə qaldırması, Qalib Sərkərdə kimi Zəfər günündə Xankəndi şəhərində hərbi paradı qəbul etməsi ən unudulmaz, ən sevincli bir tarix kimi xalqımızın yaddaşında əbədi qalacaq. Bu haqq-ədalətin bərpası və xalqımızın 200 illik arzusunun həyata keçməsi idi. Cənab Prezidentin iştirakı ilə Xankəndi stadionunda keçirilən futbol matçını izləmək bizə qürur verdi. Qalib dövlətin vətəndaşı, qalib xalqın nümayəndəsi olmağımızla fəxr edirik.
“Heydər Əliyev İli” olan 2023-cü ildə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Astarada müxtəlif məzmunda silsilə tədbirlər keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 22-23 aprel tarixlərində rayonumuzda dünyanın bir neçə ölkəsindən, o cümlədən, Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersoqovina, Filippin, Sinqapurdan və Respublikamızdan olan məşhur tibb alimləri və həkimlərin iştirakı ilə Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilmişdir. Konqresdə dünyanın ayrı-ayrı ölkələrindən 60 nəfərdən çox xarici məruzəçi, moderator, eyni zamanda Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətlərinin rəsmiləri, bölgələrdə fəaliyyət göstərən tibb müəssisəslərində çalışan tibb heyəti və digər qonaqlar iştirak etmişlər.
12-13 may 2023-cü il tarixlərində rayon icra hakimiyyətinin təşkilatçılığı, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə növbəti xeyriyyə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində 178 nəfər şəhid və aztəminatlı ailə üzvləri, qazilər, müharibə iştirakçıları müayinə edilmiş, müalicələr təyin olunmuşdur. Bundan əlavə dəfələrlə Bakı şəhərindən həkim briqadaları rayona dəvət edilərək xeyriyyə aksiyaları keçirilmişdir.
May ayının 20-də “Heydər Əliyev İli” çərçivəsində Astarada yüksək səviyyədə təşkil olunaraq keçirilən Təhsil Festivalında Təhsil Naziri, Gənclər və İdman Naziri, Milli Məclisin deputatları, Respublikanın ali təhsil müəssisələrinin, orta ixtisas, peşə təhsil müəssisələrinin rəhbərləri, müəllim heyəti, tələbələr, ümumtəhsil məktəblərin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri, ümumilikdə 15 min nəfərə yaxın vətəndaş iştirak etmişdir. Festivalda 25 nominasiya üzrə sərgi təqdim olunmuşdur.
20-21 may 2023-cü il tarixlərində dünyada ilk dəfə keçirilən 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarının bir mərhələsi Astarada keçirilmişdir. Yarışda Almaniya, Çin, Polşa, Rumıniya, Macarıstan, Çexiya, Misir, Ukrayna, Avstriya və Azərbaycan 3×3 qadın yığma komandaları, ümumilikdə 10 ölkənin 12 komandası mübarizə aparmışdır. İki gün davam edən basketbol yarışında Elm və Təhsil naziri, Gənclər və İdman naziri, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri iştirak etmişlər.
29 noyabrda Azərbaycan Respublikasının Baş Prokurorluğu Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir dövlət quruculuğu” mövzüsunda regional konfrans keçirilmişdir. Konfransda Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Müdafiə Nazirliyinin rəhbər şəxsləri, region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.
23-24 dekabrda Astara şəhərində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası, Azərbaycan Kardiologiya, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətlərinin və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ekspertlərin Zirvə Görüşü” Regional Tibbi-Elmi Konfrans keçirilmişdir.
Bundan başqa “Heydər Əliyev İli” çərçivəsində təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə elmi-praktik konfranslar, seminarlar, rəsm sərgiləri, bilik və idman yarışları və müsabiqələr keçirilmişdir.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş respublika və beynəlxalq yarışlarda rayonumuzun məktəbliləri və gəncləri müvəffəqiyyətlə çıxış edərək medallar və mükafatlar qazanmışlar.
İcra başçısı qeyd etmişdir ki, 2023-cü ildə rayonumuzda bütün sahələrdə inkişaf və nailiyyətlər olmuşdur.
Cənab Prezident İlham Əliyevin Sərəncamları ilə ayrılan vəsait hesabına illərdir hamımızı narahat edən 26 kilometrlik Çayoba-Astara magistral avtomobil yolunun asfaltlaşdırılmasına və yolu olmayan Dürriyə və Şümrüd kəndlərinə yeni avtomobil yolunun çəkilməsinə başlanılmışdır. İl ərzində rayonun şəhər, qəsəbə və kəndlərində ümumilikdə 29500 kvadrat metr yol asfaltlaşdırılmışdır. Uzun müddətdir ki, qəzalı vəziyyətdə olan Şiyəkəran körpüsünün və sel-suları nəticəsində dağılmış Vaqo körpüsünün yenidən tikintisi başa çatmaq üzrədir.
Astara şəhərində bir neçə çoxmənzilli yaşayış binasının dam örtükləri dəyişdirilmiş, fasad və blokları təmir edilmişdir. Şəhər küçələrinin işıqlandırılması və səkilərə tamet düzülməsi işləri davam etmişdir.
Əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü müvafiq tədbirlər həyata keçirilmiş, bir neçə ərazidə istismar müddəti başa çatmış transformatorlar, köhnəlmiş dayaqlar və naqillər yeniləri ilə əvəz edilmişdir. Hazırda Şiyəkəran və Çayoba kəndlərində SİP kabelləşmə işləri aparılır.
Yaşayış məntəqələrində rabitə xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Ərçivan qəsəbəsi, Təngərüd və Maşxan kəndlərində rabitə xətlərinin yenilənməsi işlərinə başlanılmış, özəl provayderlər tərəfindən Astara şəhəri, Suparibağ, Rudəkənar, Seləkəran, Məsçitməhəllə, Qapıçıməhəllə, Səncərədi, Artupa kəndlərinə yüksək sürətli internet şəbəkəsi qurulmuş, Şuvi, Siyətük, Vəznəş kəndlərində işlər davam etdirilir.
Rayonun kənd təsərrüfatı sahəsində də nailiyyətlər olmuşdur. Cənab Prezident İlham Əliyevin imzaladığı çayçılığın, çəltikçiliyin, sitrusçuluğun inkişafına dair sərəncamlardan sonra rayonda yeni innovativ üsullarla sitrus və subtropik meyvə bağlarının salınmasına maraq xeyli artmışdır. Sitrus meyvə bağlarının sahəsi genişləndirilərək 4508 hektara çatdırılmışdır. Bu il sitrus bağlarından ümumilikdə 62 min ton məhsul yığılmışdır. Vətəndaşlarımız bu məhsulların satışından təqribən 60 milyon manatdan çox qazanc əldə edəcəklər.
Mövcud 231 hektar çay sahəsindən 710 ton yaşıl çay yarpağı yığılmış, 235 hektar çəltik sahəsindən 968 ton məhsul əldə olunmuşdur.
İl ərzində Astaraçay, Pensərçay, Lovayın və Xanbulan su anbarından istifadə edilməklə əkin sahələrinin suvarılması təmin edilmişdir. 13 min metr uzunluğunda kanal lil və palçıqdan təmizlənmiş, Pensərçayda 5200 metr məcratəmizləmə işləri aparılmış, sel suları nəticəsində Şiyəkəran və Vaqo kəndləri ərazisində uçulmuş yollar bərpa edilmişdir.
Astara rayonunda son illər 40-dan çox ümumtəhsil məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Diqo kəndində modul tipli ibtidai məktəb binasının tikintisi başa çatdırılmış, Sərək kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmışdır. Cari ilin məzunlarından 355 nəfər imtahanda yüksək nəticə əldə edərək ali məktəblərə qəbul olunmuşlar.
Səfalı təbiətə malik olan və gündən-günə abadlaşan rayonumuz böyük turizm potensialına malikdir. Yol infrastrukturunun yaxşılaşdırılması, yeni müasir turizm obyektlərinin inşa edilməsinin nəticəsidir ki, hər il 10 minlərlə turist rayonumuza səfər edir. Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Ələt-Astara dəmir yolu xəttinin magistral avtomobil yoluna paralel köçürülməsi ilə Xəzər dənizinin qarşısı açılacaqdır ki, bu da sahilboyu ərazidə yeni turizm obyektlərinin açılması üçün böyük imkanlar yaradacaqdır. Bu da rayonumuza gələn turistlərin sayının artmasına, eyni zamanda əhalinin maddi rifah halının yaxşılaşmasına səbəb olacaqdır.
Rayonda ictimai asayişin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də xeyli iş görülmüşdür. Xüsusilə, narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilən tədbirlər təqdirəlayiq hesab edilməlidir.
İcra başçısı 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçiriləcəyini qeyd edərək ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edən bu kompaniyada bütün vətəndaşları fəal olmağa, seçicilərin hamılıqla məntəqələrə gedərək doğru seçimlərini etməyə çağırmışdır.
Yığıncaqda rayon Polis şöbəsinin rəisi Azər Cəfərov və YAP rayon təşkilatının sədri Həbib Cəfərov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov çıxış etmişlər.
Sonda Cənab Prezident İlham Əliyevin sərəcamına əsasən Tərəqqi medalı ilə təltif olunmuş Astara şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Şahverən Cavadova medal təqdim edilmiş, müxtəlif sahələrdə çalışan və çalışdığı sahədə fəallıq göstərən bir qrup şəxslər rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edilmişlər.