“Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.” – Ulu Öndər Heydər Əliyev.
Gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritetidir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı.
Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
Azərbaycan gənclərinin forumları. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir.
Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
İstedadlı gənclərə dövlət qayğısının təzahürü “Qızıl kitab.” Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına (https://e-qanun.az/framework/16148) əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
2 Fevral – Azərbaycan Gəncləri Günü. Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ulu Öndər Heydər Əliyevin mühüm qanunverici təşəbbüsü. Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla (https://e-qanun.az/framework/4825) Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.
Gənclər siyasətinin mahiyyətini əks etdirən Qanun. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun (https://e-qanun.az/framework/1619) Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Vətənpərvərlik amili. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
“İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.” – Prezident İlham Əliyev.
Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
“Gənclər ili”. 2007-ci il “Gənclər ili” elan olunmuşdur. Prezident İlham Əliyevin sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla (https://e-qanun.az/framework/12798) “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur.
Gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı (https://e-qanun.az/framework/49209) ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramı çərçivəsində hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
” Sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsi Bayraq meydanında inşa olunmuş “Baku Crystal Hall”da baş tutmuşdur. 43 ölkə təmsil olunan bu möhtəşəm tədbir zamanı Bakı Avropa musiqisinin paytaxtına çevrilmiş, Avropa gənclərinin diqqəti Azərbaycana yönəlmişdir.
“Gənclər üçün Prezident Mükafatı”. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir (https://e-qanun.az/framework/26131#_ednref1).
Avropa Gənclər Paytaxtı. Prezident İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü “Yüksəliş” müsabiqəsi. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı (https://e-qanun.az/framework/42996) ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Respublikanın 55 şəhər və rayonunda fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM). GİKM 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb.
Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi.
İnformasiya müharibəsinin ön cəbhəsində duran Azərbaycan gəncliyi. Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular – könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilkdir. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə yarışlar paytaxtımızda 21 idman obyektində keçirilmişdir. Dünyanın idman tarixinə düşmüş bu Oyunlarda 50 ölkəni təmsil edən 6 mindən artıq idmançı sağlam rəqabət uğrunda mübarizəyə qatılmışdır.
Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbir həyata keçirilir.
Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi. Azərbaycançılıq məfkurəsinin, dövlətçilik ənənələrinin və dövlət rəmzlərinin gənclər arasında geniş təbliğinə xidmət edən tədbirləri; “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyaları; “Bayraq festivalları”; “Müstəqil dövlət quruculuğu və gənclik” adlı ənənəvi tədbirlər; Gənclərin çağırışaqədərki dövrdə mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının yüksəldilməsinə, onların hərbi xidmətə həvəsləndirilməsinə xidmət edən tədbirlərin keçirilməsi; Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının, şəhid döyüşçülərin gənclər arasında təbliğinə xidmət edən tədbirlərin keçirilməsi; Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi istiqamətində fəaliyyət göstərən klubların, dərnəklərin, mərkəzlərin işinin əlaqələndirilməsi və stimullaşdırılması sahəsində tədbirlərin keçirilməsi; Yerlərdə yaradılmış “Gənclərin vətənpərvərlik tərbiyəsi klubları”nın fəaliyyətinin əlaqələndirilməsi və stimullaşdırılması.
Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən Gənclər evi və mərkəzləri gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir.
Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha yaxşı bələddir. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur.
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir:
– elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir;
– gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir;
– uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir;
– xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir;
Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir:
– “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);
– “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;
– “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
– “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;
– “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;
– “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”.