Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rudəkənar kəndində əhali ilə səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı ilk öncə 7 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində mütəşəkilliyə və layiqli namizədə səs verdiklərinə görə görüş iştirakçılarına təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, bütün Azərbaycan xalqı əslində öz seçimini hələ 1993-cü ildə etmişdir. O vaxt yenicə müstəqillik qazanmış Azərbaycan bir dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşəndə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni düşdüyü ağır vəziyyətdən çıxartmaqla Ulu Öndər kimi adını tarixə əbədi həkk etdi və ümumxalq məhəbbətini qazandı. Həmin dövrdən başlayaraq xalq daim Heydər Əliyev siyasətini dəstəkləmiş və bu siyasətin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmişdir. Vətəndaşlar seçki günü səs vermək üçün növbəyə düzülmüşdü. Bu vətəndaşlıq borcu ilə yanaşı həm də cənab Prezidentə olan sevginin və inamın təzahürü idi. Çünki cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçərək dünyanın maraq göstərdiyi qabaqcıl dövlətlərdən birinə çevrilmişdir.
Aparılan məqsədyönlü daxili və xarici siyasətlə mükəmməl iqtisadi təməl yaradan Prezident cənab İlham Əliyev güclü ordu yaradılmasına nail oldu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan və qəhrəman əsgərlərimiz sayəsində torpaqlarımız işğaldan azad olundu. 19 sentyabrda keçirilən antiterror tədbirləri ilə cəmi bir sutka ərzində düşmənin Qarabağ torpağında yuva saldığı bütün terror dəstələri darmadağın edilərək təslim edildi. Onların quldur, cinayətkar rəhbərləri qandallanaraq Bakıya gətirildilər. 15 oktyabrda cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümündə xalqımızın qan yaddaşı olan Xocalıda, illərdir həsrətində olduğumuz Xocavənddə, Xankəndidə Şanlı Bayrağımızı qaldırması bütün Azərbaycanımız üçün ən sevincli, ən fərəhli bir gün idi. 8 noyabr Zəfər Günündə cənab Ali Baş Komandan İlham Əliyevin Xankəndidə hərbi paradı qəbul etməsini isə xalqımız böyük sevinc və qürurla izlədi. Sadəcə xatırlatmalar etdiyim məhz bu səbəblərə görə Azərbaycan xalqı seçki günü öz sevimli Prezidentinə, Qalib Sərkərdəsinə səs vermək üçün məntəqələrə tələsirdi. İlk dəfə idi ki, bütün Azərbaycan torpağında Prezident seçkiləri keçirilirdi. Dünyada belə xalq rəhbər birliyi, öz Prezidentinə belə ümumxalq sevgisi çox az hallarda olur. Bunu istəməyənlər, torpaqlarını təkbaşına işğaldan azad edərək terror qruplardan tamamilə təmizləyən ölkəmizin paxıllığını çəkən qüvvələr dövlətimizə qara yaxmaq üçün bütün vasitələrdən istifadə edirlər. Amma xalqımızın dəmir yumruq birliyi qarşısında onlar heç nəyə nail ola bilməyəcəklər.
Hazırda Qarabağ torpağında sürətli tikinti işləri aparılır. Vəhşi erməni vandallarının taladığı yaşayış məntəqələrimiz bərpa edildikcə doğma sakinlər sevinclə yurdlarına qayıdırlar. Bununla yanaşı digər bölgələrimizdə də quruculuq-abadlıq işləri davam edir.
Son illər Suparibağ nümayəndəliyində və Rudəkənar kəndində də xeyli işlər görülüb. Müasir tipli məktəb binaları tikilib, asfalt yollar çəkilib, Astaraçayda sahilbərkitmə işləri aparılıb. Bu il də bunların davamı olaraq elektrik xətt təsərrüfatının yenilənməsi, sahilbərkitmə işlərinin çay sahili boyunca Xəzər dənizinədək davam etdirilməsi və digər işlər nəzərdə tutulmuşdur.
Sakinlər çıxış edərək torpaqlarımızı düşmən tapdağından azad edən, xalqımıza qələbə sevincini yaşadan, ölkəmizi uğurla inkişafa doğru aparan, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirən Müzəffər Prezident, möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Yerlərdə əhali ilə tez-tez görüşlər keçirtdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına təşəkkür etmiş,kəndə içməli su xəttinin çəkilməsinə, Rudəkənar kəndinin Astara şəhərinə birləşdirilməsinə, avtomobil yolunda səki salınması üçün asfalt verilməsinə, aztəminatlı ailəyə maddi yardım edilməsinə, Vətən müharibəsi qazisinə sığortasının alınmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir.