Müasir dünyanın üzləşdiyi ən ağır sosial-ictimai problemlər sırasında narkomaniya əsas yerlərdən birini tutur. Bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

“Ağ ölüm” adlandırılan narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğur. Narkomaniya yunan sözüdür. “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sualın mənəvi sıxıntısını yaşayır.

Millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır.

Müasir dövrdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmaqdadır. Təəssüflə qeyd etməliyik ki, “ağ ölüm” adlandırılan bu bəlanın qurbanları durmadan artır. Bu öldürücü maddələrin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. Dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması mütəmadi olaraq davam etdirilir. Bu gün narkotik daşıyıcı olanların əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən böyük və əsas qüvvədir.

Narkomaniya bizə keçmiş sovet dövründən miras qalıb. O vaxt dövlət narkomaniyanın cəmiyyətdə mövcudluğunu hər vasitə ilə ört-basdır etdiyindən, narkotiklərlə bağlı cinayətlər barədə rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxlayırdı, bu da özlüyündə müalicəsi çox çətin olan bu xəstəliyin getdikcə yayılıb kök atmasına səbəb olmuşdu. Respublikamız imperiya əsarətindən azad olub, öz müstəqilliyinə qovuşduqdan sonra bu ölüm kabusu ilə mübarizədə dövlət orqanları və ictimai təşkilatlar birgə fəaliyyət göstərməyə başladı.

Mütəxəssislərin fikrincə, narkotik ticarəti neft və silah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Bəzi ölkələrdə, xüsusilə “narkomaniyanın vətəni” adlanan Əfqanıstanda onun ilbəil genişlənməsinə səbəb də elə budur. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın yayılmasının qarşısını vaxtında ala bilməsə, o, yaxın gələcəkdə daha böyük ictimai faciələrə gətirib çıxara bilər.

Ümummilli lider Heydər Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 15 iyul 2000-ci il tarixli 371 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”, qanunlar, fərmanlar, sərəncamlar və digər normativ-hüquqi aktlar Azərbaycan Respublikasında narkomanlığa qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

Statistika göstərir ki, narkomaniya daha çox inkişaf etməkdə olan ölkələrdə yayılmaqdadır. Cünki inkişaf nəticəsində artan gəlirlərdən narkomafiya da öz payını almaq üçün mübarizə aparır. Turizmin inkişaf etdiyi bölgələrdə bu risk xüsusilə yüksəkdir. Narkomaniyanın yayılmasına ən başlıca səbəbi laqeydlikdir.

Ölkəmizdə narkotizmlə mübarizə onun ərazi bütövlüyünün, suverenliyinin bərpası, qorunub saxlanması və mühafizəsi, beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin həyata keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir.

Ölkə başçısının 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiq etdiyi (12 iyul 2013-cü il tarixdə) Tədbirlər Planı həyata keçirilməkdədir. Onu da əlavə edək ki, narkomaniya və digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınması ölkə başçısının 2014-cü il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda (bənd 2.4.) da öz əksini tapmışdır.

Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi, qarşılıqlı əlaqəli işləməsi təqdirəlayiq hesab edilməlidir. Narkomaniya bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimidir. Ona görə də  hər kəs insanlığa bəla olan bu problemlə mübarizədə fəal olmalıdır.

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir.

Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Rəsmi statistikaya görə son beş ildə Azərbaycanda narkomanların sayı 10 dəfə artıb. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 31 mindən nəfərdən artıqdır. Azərbaycanda daha geniş istifadə olunan narkotiklər tiryək, heroin, çətənə, həşiş, ekstazi, kokain. və LSD-dir.

Azərbaycan Respublikası mühüm tranzit məntəqəsidir, xüsusən Əfqanıstandan Rusiya və Avropaya heroin nəqlində Azərbaycan Respublikasında Narkotilk maddələrin daxili istehlakı artmaqda davam edir.

Narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır qeyri stabil şəraitin yaranmasına səbəb olur Narkomaniya təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti 26 avqust 1996-cı ildə “Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında” fərman verilmişdir. 1999-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Narkotik vasitələr psixotron maddələrin qanunsuz dövriyyəsi haqqında” qanun qəbul etmişdir.

Beləliklə, narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, ölkəmizdə narkomaniyanın profilaktikasına və qarşısının alınmasına son dərəcə ciddi əhəmiyyət verilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipial mövqeyi, bu sahədə dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi, gənc nəslin sağlam və yüksək ideyaları ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonrada məqsədyönlü tədbirlər görüləcəkdir.

Tərlan Həmidov,

Astara Rayon Prokruronun köməkçisi,

III dərəcəli hüquqşünas