Rayonda yazlıq bitkilərin əkini başa çatmışdır. Cari ilin iyun ayının 20-nə 4062,7 hektar sahədə yazlıq bitkilərin əkini aparılmış və keçən ilin müvafiq dövrünə nisbətən 44,6 hektar və ya 1,1 faiz azalmışdır. Cari ilin yazında 641,7 hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 182,5 hektar sahədə dən üçün qarğıdalı, 915,0 hektar sahədə kartof, 1875,6 hektar sahədə tərəvəz, 369,0 hektar sahədə bostan bitkiləri və 78,9 sahədə çoxillik bitkilərin səpini aparılmışdır.
Hesabat məlumatlarına əsasən 2024-cü ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 5490,4 hektar olmuş və keçən illə müqayisədə 17,3 hektar və yaxud 0,3 faiz artmışdır.
Rayon üzrə əkin sahəsinin 957,2 hektarını və yaxud 17,4 faizini dənli və dənli paxlalı bitkilərin, 3159,6 hektarını (57,6 faiz) kartof, bostan və tərəvəz bitkilərinin, 1373,6 hektarını (25,0 faiz) yemlik bitkilərin əkin sahələri təşkil etmişdir.
Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 115,8 hektarını (12,1 faiz) buğda, 17,2 hektarını (1,8 faiz) arpa, 6,7 hektarını (0,7 faiz) vələmir, 290,0 hektarını (30,3 faiz) çəltik, 182,5 hektarını (19,1 faiz) dən üçün qarğıdalı, 345,0 hektarını (36,0 faiz) paxlalı bitkilərin əkin sahələri təşkil etmişdir.
Cari ildə dənli və dənli paxlalı bitkilərin əkin sahəsi əvvəlki ilə nisbətən 51,4 hektar və yaxud 5,7 faiz artmışdır. 2024-cü ilin məhsulu üçün 115,8 hektar sahədə buğda, 17,2 hektar sahədə isə arpa əkilmişdir ki, bu əkinlərin hamısı 2023-cü ilin payızında əkilmişdir.
Kartof, tərəvəz və bostan bitkiləri. Ümumi əkin sahəsinin 3159,6 hektarı (57,6 faiz) kartof, tərəvəz və bostan bitkiləri əkinlərinin payına düşmüş və keçən ilə nisbətən 1,7 faiz azalmışdır. Bunun 915,0 hektarı (28,9 faiz) kartof, 1875,6 hektarı (59,4 faiz) tərəvəz, 369 hektarı (11,7 faiz) isə bostan bitkilərinin əkin sahələridir.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartofun əkin sahəsi 14,5 hektar (1,6 faiz), tərəvəzin əkin sahəsi 30,9 hektar (1,6 faiz), bostan bitkilərinin əkin sahəsi isə 9 hektar (2,4 faiz) azalmışdır.
Yemlik bitkiləri. Ümumi əkin sahəsinin 1373,6 hektarı və ya 25,0 faizi yemlik bitkilərin payına düşmüşdür. Yemlik bitkilərin 78,9 hektarını (5,7 faiz) cari ilin çoxillik otları, 1294,7 hektarını (94,3 faizini) keçən illərin çoxillik otlarının əkin sahəsi təşkil etmişdir. 2024-cü ildə yemlik bitkilərinin əkin sahəsi əvvəlki ilə nisbətən 1,5 faiz artmışdır.
Əhali təsərrüfatları üzrə 706,7 hektar sahədə dənli bitkilər (qarğıdalısız), 182,5 hektar sahədə qarğıdalı, 914 hektar sahədə kartof, 369 hektar sahədə bostan bitkiləri, 1875,6 hektar sahədə tərəvəz və 1248,8 hektar sahədə yem bitkiləri əkilmişdir.
Kənd təsərrüfat müəssisələri üzrə 2024-cü ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 193,8 hektar olmuş və keçən illə müqayisədə 32,0 hektar və yaxud 19,8 faiz artmışdır.
Şövqiyyə Məmmədova,
Astara Rayon Statistika İdarəsinin rəis müavini