Prezident İlham Əliyev bildirmişdir ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.

44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur.

Mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.

Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.

İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq.

Hər il 15-20 min keçmiş köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülürdü. Təqribən 300 mindən çox keçmiş köçkün artıq o yataqxanalardan, o yararsız yerlərdən, uşaq bağçalarından köçürülmüşdü.

Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz – nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, – çünki bütün təpələrdə onlar yerləşmişdi, – nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər.

İnam heç vaxt qırılmamalıdır. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır.

Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır.

Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək – bax, bu, əsas hədəflərimizdir.

Cəmiyyətdə birlik olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar.

Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər.

Bizim müharibəmiz azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik – biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir.

İki tərbiyə mənbəyi var – ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır.

Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar.

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə var.

XIX əsrin əvvəlində bağlanmış üç müqavilə – “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.

XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı – Sərsəng, Suqovuşan su anbarları. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi.

Ulu Öndər Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir. Cəmi iki həftədən sonra, – artıq Heydər Əliyev iqtidarda yox idi, – dərhal burada – Xankəndidə və Ermənistanda hərəkət başlamışdı, müxtəlif təşkilatlar yaradılmışdı. Mərkəzi hökumət, yəni Sovet İttifaqı rəhbərliyi buna laqeyd yanaşırdı. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi zəiflik, qorxaqlıq, bəzi hallarda xəyanət göstərmişdir. Həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində, həm kommunist, həm də Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində biz torpaqları itirdik. Xankəndidən azərbaycanlılar qovuldu, ondan sonra – müstəqillik elan olunandan dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər.

Əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı.

Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi.