Hər il oktyabr ayının 1-i ölkəmizdə Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Prokurorluq orqanlarının fəaliyyət istiqamətlərini, hal-hazırki dövrdəki rolunu daha yaxşı anlamaq üçün tarixi inkişaf yoluna nəzər salmaq lazımdır.

İlk dəfə 1862-ci ildə Azərbaycanda “Prokurorluq haqqında əsas müddəalar” qəbul olunmuş, həmin müddəalarda prokuror nəzarətinin təyinatı, onun predmeti, prokurorların vəzifə və səlahiyyətləri müəyyən edilmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apelyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılmışdır.

Müstəqil Azərbaycan dövlətində isə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Safikürdski, T. Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşlər.

1993-cü ildə Heydər Əliyev prezident seçildiyindən sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanmışdır. Bu dövrdə Azərbaycanda 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusi ilə fərqlənmişdir.

Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir”,–deyən ulu öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

Heydər Əliyevin Prezident olduğu dövrdəqəbul olunmuş “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən etmişdir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün-oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.

Konstitusiyamızda Prokurorluq “ərazi və ixtisaslaşdırılmışprokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan” kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Qanun, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid etmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Böyük dövlət xadiminin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

Ulu öndər Heydər Əliyevin prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir əməkdaşın xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır. Ümummilli liderin “Prokurorluq peşəsi ağır çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözlərini prokurorluq işçiləri öz fəaliyyətlərində əsas istiqamət kimi götürürlər.

Müstəqil dövlətimizin müntəzəm irəliləyişində müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olmuşdur.  Ölkəmizin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq prokurorluq orqanları da bu gün əvvəlki istənilən bir dövrdə olduğundan daha çox inkişaf etməklə müasirləşmiş və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirməyə çalışmışdır. İnkişaf etmiş dünya dövlətlərinin bu qəbildən olan qurumlarına məxsus olan müsbət keyfiyyətləri özündə birləşdirən, prokurorluğun müasir dövrdə fəaliyyət istiqamətinə və roluna dair Avropa Şurasının, Beynəlxalq Prokurorlar Assosiasiyasının və digər nüfuzlu beynəlxalq təşkilatların müəyyən etdiyi standartlara cavab verən prokurorluq orqanları, dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına və insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, sıralarında öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, etik davranış qaydalarına riayət etməklə cəmiyyətin etimadını qazanmış dövlət qurumu kimi fəaliyyət göstərir.

Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi:“Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir.”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edilmişdir. Dövlət proqramının icrası üzrə prokurorluğun fəaliyyətinin bütün sahələrini əhatə edən çoxsaylı və əhəmiyyətli tədbirlər həyata keçirilməklə əsaslı təkmilləşməyə və müasirləşməyə nail olunmuşdur.

Hal-hazırda 1000-dən çox əməkdaş prokurorluq orqanlarında xidmət edir, sevindirici bir haldır ki, 2002-ci ildən başlayaraq bu günə kimi xidmətə qəbul olunmuş gənclərin kadr sisteminin əsasını təşkil edir. 2020-ci ildən başlayaraq isə hər il prokurorluq orqanlarına qəbul edilən qadınların sayı durmadan artır, hal-hazırda 4 qadın Rayon Prokuroru vəzifəsini icra edir.

Allahyar Məmmədli,

Astara rayon prokurorunun köməkçisi,

II dərəcəli hüquqşünas