Şad xəbər Astara rayonunun Siyakü kəndinə sürətlə yetişdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 3 iyun 2017-ci il tarixli sərəncamı ilə Maliyev Cəfər Heybət oğlunun “Tərəqqi” medalına layiq görülməsi Malıyevlər ailəsinin sevincini birə-min artırdı. Ömrünün 40 ilini meliorasiya və su təsərrüfatı sahəsində çalışan təcrübəli meliorator xəyalən ötən illərə qayıtdı. Acılı-şirinli, xoş xatirələrə dönmüş illər kino lenti kimi gözlərinin önündən keçdi.

1970-ci ilin yayı idi. Cəfər Malıyev tələbə olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Dövlət Texniki Universiteti) vermişdi. Qəbul imtahanlarını yüksək qiymətlərlə verib hidromeliorasiya fakültəsinə daxil oldu. Savadlı, bacarıqlı, fəal tələbə kimi tanındı. İxtisasının incəliklərini dərindən öyrənmək üçün zəhmətə qatlaşdı. Təhsilini müvəffəqiyyətlə bitirib Lənkəran maşın ekskavator stansiyasında sahə mühəndisi vəzifəsinə təyin olundu.

O illərdə görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük tikinti, quruculuq işləri görülürdü. Müdrik rəhbər meliorasiya və su təsərrüfatının inkişafına yüksək qayğı göstərir, bu sahəni daim diqqət mərkəzində saxlayırdı. Gənc mütəxəssis Cəfər Maliyev Lənkəran və Astara rayonlarında meliorasiya və irriqasiya tədbirlərinin uğurla həyata keçirilməsi üçün səylərini əsirgəmir, verilən tapşırıqları yüksək səviyyədə icra edirdi.

1978-ci ildə Lənkəran melioservis idarəsinin Astara rayonu üzrə sahə rəisi vəzifəsinə irəli çəkildi. Onun rəhbərliyilə rayonun qəsəbə və kəndlərində kollektor-drenaj şəbəkələri, nasos stansiyaları, su anbarı tikildi. Tərəvəz və çay sahələrinə su xətləri çəkildi. Siyakü və Vaqo kəndlərindən keçən çayın üzərində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün körpü inşa olundu. C. Malıyevin əməyi, işgüzarlığı dəfələrlə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Astara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətləndirildi.

Qabaqcıl meliorator ulu öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirərək dedi:

– Möhərəm Prezidentimizin yüksək qayğısı sayəsində meliorasiya və su təsərrüfatı yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar meliorasiya və suvarma işlərinə böyük diqqət yetirilir. Astara rayonunda da yeni əkin sahələri dövriyyəyə verilir, suvarılan torpaqlar ilbəil artırılır. Ənənəvi bitkilərin yetişdirilməsinə yüksək qayğı göstərilir.

Son illər Pensərçay və Astaraçayın məcralarında xeyli iş görülüb, çaylar lildən təmizlənib. Suötürücü kanallar təmir olunub. Əhalini sel sularından qorumaq üçün mühafizə bəndləri tikilib. Rayonun Siyakü, Pensər, Vaqo, Qapıçıməhəllə, Məscidməhəllə və Rüdəkənar kəndlərində sel sularından etibarlı mühafizə sistemi qurulub.

Təcrübəli meliorator bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə “Meliorasiya və irriqasiya haqqında Qanun”un imzalandığı 5 iyun tarixini peşə bayramı kimi qeyd edirik. Möhətrəm Prezidentimiz 14 may 2014-cü il tarixli yeni sərəncamı ilə həmin günün ölkəmizdə su təsərrüfatı və meliorasiya işçiləri günü kimi təsis edilməsi şərəfli əməyimizə verilən qiymətin əyani nümunəsidir. Cənab Prezident hər il peşə bayramı ərəfəsində səmərəli fəaliyət göstərən həmkarlarımızın bir qrupunu fəxri ad, orden və medallarla təltif edir. Bu günlərdə mənim də əməyim ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bu mənim və işlədiyim Lənkəran melioservis idarəsinin kollektivinin gərgin əməyinə verilən yüksək qiymətdir. Böyük diqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirir, etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacağam.

Əlisəfa Həsənov,

“Respublika”