“Asiyanın 7 ölkəsinə səyahətə cəmi 1000 dollardan bir az artıq pul xərcləmişəm”
Dünyanın 30-a yaxın ölkəsini gəzən gənc səyyah Elnur Əzimovun “Report”a müsahibəsi:
– Nə vaxtdan dünya ölkələrinə səyahət edirsiniz?
– Bilirsiniz, ayrı-ayrı ölkələrə məxsus yeni, fərqli mədəniyyətlərin öyrənilməsi hər zaman marağımı və diqqətimi çəkib. Müxtəlif ölkələrin dinləri ilə tanışlıq və bunun insanlar üzərindəki təsiri marağımıma səbəb olurdu. Səyahət etmək yeni informasiyaların toplanması baxımından yaxşı seçimdir. Eyni zamanda ölkəmi tanıtmaq məqsədi ilə səyyah olmaq qərarına gəldim. Səyyahlığa 8 il bundan əvvəl başlamışam. Səyahət etməkdə məqsədim müxtəlif ölkələrin insanlarının həyat tərzləri ilə yaxından tanış olmaqdır. Təbii ki, ilk səyahətimi də qonşu ölkələrə etmişəm. Daha sonra Avropanı gəzməyə başladım. Bununla kifayətlənməyərək Asiya ölkələrinə getməyi qərara aldım. Çünki Asiya ölkələrinin cəlbediciliyi, rəngarəngliyi haqqında çox oxuyurdum. Getməmişdən əvvəl həmin ölkələrdə çəkilmiş şəkillərə baxaraq xəyal qururdum. Bu günə qədər təxminən 30-a yaxın ölkəni, hər ölkədə isə təxminən 3-4 şəhəri gəzmişəm.
Ümumiyyətlə, səyahətimi layihə kimi həyata keçirirəm. Layihəni “Fincanla gəzən adam” adlandıra bilərik. Çünki səyahət zamanı özümlə üzərinə Azərbaycan bayrağı həkk olunmuş bir fincan götürürəm və bütün gördüyüm gözəllikləri onun fonunda çəkirəm. İnsanların əksəriyyəti mənə belə bir sual ünvanlayırlar: “Niyə bu fincanla səyahət edirsən?”. Mən də onlara belə cavab verirəm: “Bu, mənim ölkəm Azərbaycanın bayrağıdır, Xəzər dənizinin sahilində yerləşir, ölkəm neft-qazla zəngindir, orada qonaqpərvər insanlar yaşayır və sizə sülh rəmzi olaraq bir fincan su gətirmişəm”.
– Səfər etdiyiniz ölkələrdə harada qalırsınız?
– Adətən, insanlar xarici ölkəyə istirahət üçün gedirlər. Lakin mən səyahət edərkən hoteldə qalmıram. İndiyə qədər yalnız üç gün hosteldə, bir gün isə hoteldə qalmışam. Ümumilikdə isə bütün səyahətlərimdə evlərdə və çadırda yaşamışam. Xüsusilə yerli sakinlərin evində qalmağa daha çox üstünlük vermişəm. Bunun üçün səyahət proqramları var. Bakıda ən fəal qonaq qəbul edən şəxslərdən (host) biriyəm. Demək olar ki, evimizdə hər gün xarici qonaqlar olur. Ona görə də hansısa ölkəyə gedərkən ev tapmaq problemi yaşamıram.
– Səyahət üçün xarici dil bilmək vacibdirmi?
– Əgər bir insan xaricə iş üçün getməyibsə, o zaman əcnəbi dil bilmək elə də önəmli deyil. Təbii ki, ünsiyyət üçün ümumi bazanın olması vacibdir. Əsas olan insanlarla ünsiyyətə girməkdən çəkinməməkdir. Təəssüflər olsun ki, Asiya ölkələrinə səyahət etdiyim müddətdə bir nəfər də olsun azərbaycanlı ilə qarşılaşmamışam. Bizim insanlar daha çox istirahət məqsədi ilə xarici ölkələrə səfər etməyi üstün tuturlar. Səyyah kimi ölkələri gəzmək fərqlidir. Çünki səyyah kimi gedəndə yolda insanın başına hər iş gələ bilər. Yəni bütün çətinliklərə əvvəldən hazır olmaq lazımdır.
– Ən qısa və uzun səfəriniz hansı ölkəyə olub?
– Ən qısa səfərim 2016-cı ilin Yeni ili ərəfəsində olub. Belə ki, dekabrın 31-də son iş günündən dərhal sonra Sankt-Peterburqa getdim. Çünki orada Yeni il şənliyi möhtəşəm keçir. Bu, dörd gün olmaqla ən qısa səfərim idi. Ən uzun səfəri isə Asiya ölkələrinə etmişəm. Orada 45 gün qalmışam.
– Getdiyiniz ölkələr arasında ən çox hansının mədəniyyətini bəyənmisiniz?
– Laos və Kamboca daha çox xoşuma gəlib. Gözəllikləri və insanlarının davranışlarını çox sevmişəm. Buddist mədəniyyəti mənə daha maraqlıdır. Avropaya gedəndə sırf bir dinin izlərini görürük. Həmin ölkələr elə də çox çətinliklər görməyib. Vyetnamda isə xüsusi din yoxdur. Asiya ölkələrinin təbiəti də gözəldir. Kambocanın tikililəri möhtəşəmdir.
– Səyahət etdiyiniz ölkələrdə ciddi çətinliyiniz olubmu?
– Ən böyük çətinliyi İndoneziyada yaşamışam. Çünki bu ölkədə yalnız şəhərlərarası nəqliyyat vasitələri var. Şəhər daxilində isə yalnız taksilərdən istifadə olunur. Ona görə də ən çox xərcim məhz İndoneziyada çıxıb.
– Bu günədək ən çox pulu hansı ölkə və şəhərdə xərcləmisiniz?
– Malayziya, İndoneziya, Sinqapur, Vyetnam, Kamboca, Tayland və Laosa minimum məbləğə səyahət etmişəm. Bu ölkələrdə qaldığım müddətdə cəmi 1000 dollardan bir az artıq xərcim çıxıb. Həmin pulun çox hissəsi də sırf təyyarə biletlərinə xərclənib. Amma bu məbləğə Antalyaya bir həftəlik səyahət etmək mümkündür. Ona görə də ən əsası düzgün planlamadır.
– Xaricdə olanda yemək məsələsini necə həll edirsiniz? Fərqli mətbəxlərin təamlarına öyrəşmək çətindir?
– Doğrusu, yemək baxımından elə də çətinliyim olmayıb. Sadəcə Malayziyada ilk vaxtlarda quru yeməkləri qəbul etsəm də, suplarını yeyə bilmirdim. Onların yeməkləri tam bişmədiyindən çiy kimi qalır. Amma zamanla buna da alışdım. Getdiyim ölkələrdə daha çox dəniz məhsullarından istifadə olunur. Ümumilikdə isə hər bir ölkənin özünəməxsus təamlarını dadmadan geri qayıtmaq olmaz.
– Səyahət üçün neçə ay əvvəldən hazırlaşmaq lazımdır?
– Əgər harasa səyahət etmək barədə qərar qəbul etmisənsə, ən azı iki ay əvvəldən plan qurmaq lazımdır. Gedəcəyin ölkə barədə əvvəldən məlumat toplamalı, gəzməli-görməli yerləri bilmək vacibdir. Səyahət planları hazırlamaq üçün xüsusi saytlar var. Mən orada öz planlarımı yazmışdım. Əgər qurulan plan üzrə hərəkət etsən, bütün yerləri gəzib qurtara bilərsən.
– Səyahət etdiyiniz hansı ölkələrin insanları daha çox qonaqpərvər və ünsiyyətcildirlər?
– Avropa insanları qismən soyuq olur və asiyalılar kimi çox qonaqpərvər deyillər. Asiya insanları kasıb olsa da, hər zaman kömək etməyə can atırlar. Vyetnam insanlarını daha çox sevirəm.
– Səfər etdiyiniz ölkədən geri qayıdarkən nə gətirirsiniz?
– Evimizdə müxtəlif ölkələrin qəpik kolleksiyası var. Balidən, Laosdan rəsm əsəri, Vyetnamdan onlara məxsus papaq və mənə maraqlı gələn xüsusi nəsə olanda mütləq özümlə gətirirəm. Evimizin tavanında dünyanın xəritəsini çəkmişəm. Getdiyim hər ölkənin bayrağını tavana yapışdırıram. Evimizdə divarın biri bütünlüklə xaricdən gələn qonaqlarımın ürək sözləri ilə doludur.
– Səyahət mövsümü varmı?
– Səyahət mövsümü yoxdur. Mövsümdən asılı olmayaraq, istənilən ölkəyə getmək mümkündür. Bir dostum var, 5 ildir ölkəsindən çıxıb və səyahət edir. Pul məsələsini soruşanda getdiyi ölkələrdə iş tapıb işlədiyini deyir. Belə ki, Asiyanın bəzi ölkələrində işə götürüləndə xüsusilə qıyıq göz olmamağına fikir verirlər. Çünki bu, müştərini cəlb edir.
– Bəs səfərin ucuz başa gəlməsi üçün nə etmək lazımdır?
– Səfərin ucuz başa gəlməsi üçün yerli insanlarla daha çox ünsiyyətdə olmaq lazımdır. Səyahətdə əsas üç xərc – nəqliyyat, qida və qalacaq yer pul aparır. Əgər yerli insanlarla dil tapa bildinsə, həm qalacaq yer, həm də qida ilə təmin olunmuş olacaqsan. Biletlər əsas xərc təşkil etdiyindən bunun üçün də endirim kampaniyalarını mütəmadi şəkildə izləmək lazımdır. Mən bütün biletlərimi endirim kampaniyaları dövründə alıram. Məsələn, 15-17 dollara aldığım biletlər olub. Həmin biletləri də təxminən iki ay əvvəldən almışdım və endirim kampaniyası da üçgünlük idi. Hər kəsə bəzi aviaşirkətlərin saytında elektron qeydiyyatdan keçərək yeniliklərdən vaxtından xəbər tutmağı tövsiyə edirəm.
– Bir səyyah səfər zamanı özü ilə əsas nələri götürməlidir?
– Əgər hansısa ölkəyə səyyah kimi gedirsinizsə, qalacağın hotel və ya ev yoxdursa, mütləq çadır, yataq kisəsi və mat götürülməlidir.
– Səyahətə tək, yoxsa cüt çıxmaq məsləhətdir?
– Avopaya gedəndə özümlə qız dostumu da aparmışdım. Bunun da öz müsbət və mənfi tərəfləri olur. Yol yoldaşının səninlə eyni düşüncədə olması və istəklərin eyni olması önəmlidir. Məsələn, İtaliyaya səfərimiz zamanı qız dostum ən çox alış-veriş mərkəzinə getmək istəyirdi. Mən isə daha çox tarixi məkanları ziyarət etməyə üstünlük verirdim. Nəticədə hər kəsin öz istədiyi yerə getməsi və müəyyən saatda hansısa məkanda görüşməklə bağlı razılığa gəldik. Düzdür, səyahətə tək getməyəndə insan darıxmır. Ancaq məsələ burasındadır ki, tək olanda insanlarla daha çox ünsiyyətə girə bilirsən.
– Ümumiyyətlə, hava limanına enəndə ilk getmək istədiyiniz yer haradır?
– Mən əvvəldən bütün gedəcəyim yerləri planlaşdırıram. Proqramdan kənara çıxmaq xərcləri artırmış olur. Düzdür, ehtiyat üçün pul kartımı götürsəm də, ondan istifadə etmirəm. Çünki büdcəni əvvəldən təyin edirəm. Yüküm ağır olarsa, ilk gedəcəyim yer rahat qala biləcəyim məkandır. Ağır çanta ilə gəzə bilmərəm.
– Əcnəbi sevgiliniz olub?
– Litvalı qızla sevgili olmuşuq. Məsafələr uzaq olduğundan ayrılmaq məcburiyyətində qaldıq. Hazırda həmin qız İngiltərədə yaşayır. Daha sonra Taylanddan, Vyetnamdan, Kambocadan qızlarla tanış olmuşam. Hətta Vyetnamdan gələn bir qız dostumu Azərbaycan toyuna da aparmışam.
– Xaricdə rastlaşdığınız yaddaqalan və maraqlı hadisələr çox olub?
– Bildiyiniz kimi, avtobusların hamısında oturacaqlar olur. Laosun paytaxtından Lanq Prabanqa (Luang Prabang) getməliydim. Ona görə də avtobusa bileti gecə saatları üçün aldım. Məqsədim gecəni rahat yatmaq idi. Ancaq avtobusa minən kimi şoka düşdüm. Çünki avtobusda bir dənə də olsun oturacaq yox idi. Yalnız ikinəfərlik yataqlar var, əslində oraya da iki nəfər çətinliklə yerləşir. Bu zaman yanıma ispaniyalı qız yaxınlaşdı. Onun da sıra nömrəsi mənim yanıma idi. Mənə zarafatla dedi ki, deyəsən bu gün eyni çarpayıda yatacağıq. Belə də oldu.
Maraqlı faktlardan biri də getdiyim ölkələrdən birində evində qaldığım qızla baş vermişdi. Belə ki, bir qızla məni evində qonaq edəcəyi ilə bağlı razılığa gəlmişdim. O da mənə nudist (paltarsız gəzən) olduğunu və bütün qonaqlarının da buna uyğun hərəkət etdiyini demişdi. Mən də həmin vaxt bunun mənasını başa düşməmişdim. Bunu araşdırmaq ağlıma da gəlmədi. Evində qonaq kimi qalmağımla bağlı razılaşdıq. Sən demə bunun evinə qonaq gələn hər kəs paltarlarını qapının ağzında çıxarıb şkafin üstünə qoyurmuş və duş aldıqdan sonra hər kəs paltarsız rahat şəkildə gəzirmiş. Mən getdiyim vaxt da evdə qonaqlar çox idi və hər kəs belə gəzirdi. Həmin evdə cəmi bir gün qaldım.
– Növbəti səfərlərinizi hansı ölkələrə planlaşdırırsınız?
– Hazırda marağımı Cənubi Amerika və Afrika ölkələri çəkir. Ona görə də gedə biləcəyim ölkələr haqqında informasiya toplamağa başlamışam. Tanzaniya, Zimbabve, Argentina və digər ölkələrdə də olmağı çox istəyirəm. Afrika ölkələrində təhlükəli yerlər var. Ona görə də təhlükəsiz və maraqlı yerlərə getmək istəyirəm. Daha çox ölkələr gəzərək layihələr həyata keçirmək üçün sponsorların olması mütləqdir. Dünya təcrübəsində şirkətlər səyyahların xərclərini qarşılayır və səyyahlar həmin şirkətin loqosu ilə müəyyən layihələr həyata keçirirlər. Nəticədə bu şirkət üçün ucuz və effekti reklam olur. Çünki saytlarda və sosial şəbəkələrdə böyük marağa səbəb olur. Azərbaycanda da belə sponsorlar tapa bilsəm, daha çox səyahət edib, daha çox layihələr hazırlayaram.