İstanbulda Sultanqazi bələdiyyəsi tərəfindən növbəti dəfə “Ən böyük və ən gözəl iribuynuzlu Qurbanlıq heyvanların gözəllik yarışması” təşkil edilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Sultanqazi Qurbanlıq Satış Mərkəzində keçirilən yarışmada 17 iribuynuzlu qurbanlıq heyvan münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflərin yekdil qərarı ilə Murad Küsünün bir tonluq “Ağrı Dağı” adlı iribuynuzlu qurbanlıq danası sahibinə daha çox mükafat qazandırıb.
Heyvanın sahibi deyib ki, Qurbanlıq üçün gətirdiyi “Simental” cinsli iribuynuzlu heyvan 3 yaşındadır və 1 ton diri çəkisi var. “Özümüzə baxmadıq ona baxdıq. Şükür yarışmada birinci oldu. 22 min lirəyə satmağı düşünürəm”,- deyə Murad Küsü vurğulayıb.
Yarışmada digər heyvan sahibləri də mükafatlandırılıb.
Sultanqazi bələdiyyəsinin sədri Cahit Altunay Qurbanlıq Satış Mərkəzində 210 hektar ərazidə qurbanlıq satışı üçün lazimi şərait yaradıldığını söyləyib. Onun sözlərinə görə, mərkəzdə 600 çadırda 15 min iribuynuzlu, 5 min də xırdabuynuzlu heyvan var.