İqtisadiyyat naziri Astarada vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
AZƏRTAC xəbər verir ki, avqustun 31-də İqtisadiyyat naziri Şahin Mustafayev Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verilib, bir sıra məsələlər yerindəcə həll edilib.
Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün Nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehsal və emal müəssisələrinin yaradılmasına dəstək göstərilməsi, sitrus bitkilərinin əkini sahəsinin suvarılmasına köməklik göstərilməsi, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların arıçılıq, heyvandarlıq, çayçılıq və çəltikçiliyin inkişafına, mineral su istehsalı sahəsinin yaradılmasına güzəştli kreditlərin verilməsi, çəltik dəyirmanı üçün müasir avadanlıqların alınmasına dəstək göstərilməsi və sair müraciətlərinin həlli üçün müvafiq göstərişlər verilib.
Belə ki, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə xurma istehsalının və ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb və Göyçayda müvafiq ccclaboratoriyanın yaradılması barədə Assosiasiyanın müraciətinə lazımi köməkliyin göstəriləcəyi bildirilib.
Qeyd olunub ki, güzəştli kreditlərdən istifadə olunmaqla artıq Göyçayda bu sahədə Logistik Mərkəz yaradılır. Mərkəzin təşkili işlərinin sürətləndirilməsi məqsədilə əlavə güzəştli kreditin ayrılması qərara alınıb. Logistik Mərkəzin təşkili işləri bu ilin sonuna qədər başa çatdırılacaq və bunun üçün Assosiasiyaya hər cür dəstək göstəriləcək.
Lerikdə mineral sular istehsalı müəssisəsinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsi barədə sahibkarın müraciəti dinlənilib, sahənin əhəmiyyəti və ixrac potensialı nəzərə alınaraq, məsələnin növbəti gün iqtisadiyyat nazirinin, müvəkkil kredit təşkilatının və sahibkarın iştirakı ilə geniş müzakirə edilməsi qərara alınıb.
Astarada keçirilmiş qəbulda Lənkəran, Lerik və Astara rayonları ilə yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.
Qəbula gələn vətəndaşlar göstəriləncc diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Qeyd edək ki, qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün kütləvi informasiya vasitələrində, eləcə də İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında və “Facebook” səhifəsində yaradılmış xüsusi bölmələrdə qabaqcadan elan verilib və bu internet resursları vasitəsilə vətəndaşların qəbul üçün elektron müraciətlərinin onlayn qeydiyyata alınması məqsədilə texniki imkanlar yaradılıb.
Astarada keçirilmiş vətəndaş qəbulu çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Neftçala və Masallı sənaye zonalarında görülən işlərlə də tanış olub.