Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsiplərinə dair bəyanatlarında heç bir yenilik yoxdur. O deyib: “Riçard Hoqlandın bəyanatları yeni deyil. Rusiya, ABŞ və Fransa prezidentləri həmin bəyanatlara 2009-cu ildən 2013-cü ilə qədər olan dövrdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair özlərinin birgə bəyanatlarında dəfələrlə istinad ediblər”.
M.Zaxarova ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri vəzifəsinə Endrü Şoferin təyin olunmasını şərh edərək deyib: “Əlbəttə, biz onu alqışlayırıq. Biz bunu əsas götürürük ki, yenilənmiş tərkibdə həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəflərə kömək göstərilıməsinə yönəlmiş səylərini davam etdirəcəklər və ümid edirik ki, “üçlüyə” həmişə xas olan komanda yanaşması qorunub saxlanacaq”.