Böyük Britaniyanın Baş naziri Tereza Mey Tokioda bu ölkənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında iştirak edib.

T.Mey avqustun 31-də yapon həmkarı Şinzo Abe tərəfindən Baş nazirin iqamətgahında keçirilən MTŞ-nin xüsusi iclasına dəvət olunub.

İclasda çıxış edən Ş.Abe bildirib ki, Yaponiya və Böyük Britaniya bütün dünyada sülhün və sabitliyin birlikdə qorunması roluna sadiqdirlər.

Şimali Koreyanı tənqid edən Ş.Abe vurğulayıb ki, bu ölkə Yaponiyanın şimal hissəsi üzərindən uçan raketin sınağını keçirməklə bir daha onun ölkəsini təhqir edib.

Ş.Abe bəyan edib ki, Yaponiya və Böyük Britaniya Şimali Koreyanın təhdidlərinə qarşı dayanmaq üçün birlikdə çalışmalıdırlar.

T.Mey öz növbəsində bəyan edib ki, Yaponiya Asiyada Böyük Britaniyanın ən yaxın tərəfdaşıdır və onun ölkəsi təhlükəsizlik sahəsində də Yaponiyanın ən yaxın tərəfdaşı olacaq.

Xanım Baş nazir qeyd edib ki, bu iki ölkə Şimali Koreyadakı rejimin təhdidlərinə cavab verə bilmək üçün əlbir fəaliyyəti daha da gücləndirməlidirlər.