Kənd məktəbində şagirdlər üçün qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə distant dərslər təşkil olunur

Müasir dünyada qrafik dizayn, kodlaşdırma ən əhəmiyyətli sahələr içərisindədir. Gün keçdikcə bu sahənin əhəmiyyətliliyi daha da artır. Lakin  şagirdlərin bu sahələrdə geri qalması olduqca ciddi problemlərdən biridir. Bu, həm də ökəmizin bu sahədəki kadr çatışmazlığına səbəb olur.Bir çox məktəblərdə şagirdlərin veb dizayn, 3D modelləşdirmə, qrafik dizayn, kodlaşdırma üzrə bilik və bacarıqları olduqca azdır.Bunun əsas səbəbi mövcud şəraitin çətinlikləri, valideynlərin marağının az olması, müəllim və tədris proqramlarının çatışmazlığıdır.

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqənin qalibi olmuş “Kənd məktəbində 6,7,8-ci sinif şagirdlər üçün qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə distant dərslər təşkili” layihəsinin əsas məqsədi Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbinin 6, 7 və 8-ci sinif şagirdlərinin qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə bilik və bacarıqlarını artırmaq, onların bu sahələr üzrə inkişafına nail olmaqdır.

Layihənin rəhbəri Elnur Quliyev bildirib ki, layihənin vəzifələri şagirdlərdə qrafik dizayn üzrə bilik və bacarıqlar formalaşdırmaq, şagirdlərdə 3D modelləşdirmə üzrə bilik və bacarıqlar formalaşdırmaq, şagirdlərin qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə müxtəlif müsabiqələrə qoşulmaları üçün istiqamətlər vermək və onları təşviq etməkdir. Şagirdlərin gələcəkdə kodlaşdırma və kompüter mühəndisliyi sahələrinə yönəlmələri üçün onlara istiqamətlər vermə, şagidlərdə sərbəst şəkildə elektron məhsullar yaratmaq üçün praktiki vərdişlər formalaşdırmaq da vəzifələrdəndir.

Layihə  18 dekabr 2021-ci il tarixinədək icra ediləcək.

Layihə çərçivəsində  məktəbdəki şagirdlərin bilik və bacarıqlarının formalaşmasında əhəmiyyətli işlərin görülməsi mümkün olacaqdır.