Rayon şagirdlərinin kodlaşdırmanı öyrənməsi üçün təlimlər keçirilir

“Şagirdlərin kodlaşdırmanı öyrənərək Qarabağ və vətənpərvərlik mövzusunda saytlar hazırlaması” layihəsinin icrasına başlanılıb.Bu layihə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibidir.

Layihə rəhbəri, Astara rayonu Şağlazüzə kənd tam orta məktəbinin direktoru Radik Mahmudov bildirib ki, layihənin məqsədi şagirdlərə kodlaşdırmanın öyrədilməsi, istedadlı şagirdlərin üzə çıxarılması, şagirdlərin Qarabağ və vətənpərvərlik mövzusunda saytlar hazırlaması, ucqar kənd məktəbində kodlaşdırma bacarıqları olan şagirdlərin formalaşdırılması, müasir, bacarıqlı və vətənpərvər vətəndaş formalaşdırılmasına kömək göstərməkdir.O, əlavə edib ki, ucqar kənd məktəblərində çoxlu istedadlı şagirdlər olsa da, onların kodlaşdırma bacarıqları yoxdur. Lakin onlara kodlaşdırma dərsləri və istiqamətləri verilsə. onlar xeyli işlər görə bilərlər. Məhz həmin istedadlı şagirdlər müxtəlif cür  kodlaşdırma apararaq saytlar yarada bilərlər. Onların dərslərə hazırlığı, analitik bacarıqları bunu deməyə əsas verir.

Dərsləri Bakıdan kodlaşdırma mütəxəssisi müəllimlər onlayn qaydada keçir.Dərslərin praktiki, təcrübi olmasına üstünlük verilir. Dərs zamanı lazım olduqda şagirdər ekranı müəllimlə bölüşürlər. Bu zaman müəllim şagirdlərin praktiki bacarıqlarını müşahidə edir.Şagirdlər kodlaşdırmanı öyrəndikdən sonra öz bilik və bacarıqları əsasında saytlar hazırlamağa başlayacaqlar. Saytlar əvvəlcə müəllimin köməyi ilə hazırlanacaq. Sonra müəllim tərəfindən onlara sayt yaratmaq üçün tapşırıq veriləcək. Şagirdlər onlayn olaraq qruplar şəklində saytlar hazırlayacaq.

Bununla da şagirdlər Qarabağ tarixini, həqiqətlərini, vətənimizn tarixini, zənginliklərini bir daha araşdıracaq, daha çox məlumatlı olur,həmçinin ictimaiyyətin Qarabağ həqiqətlərini öyrənməsi istiqamətində maarifləndirilməsinə töhfə verəcəklər.

Layihənin icra müddəti 15 sentyabr 2021-ci ildən  15 fevral 2022-ci ilədəkdir.