Astarainfo.az xəbər verir ki, Azərbaycan  Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində Astara rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin artırılması” adlı layihə çərçivəsində qeyri-formal təlim kursları həyata keçirilir.
Layihənin rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə, layihənin əsas məqsədi Astara rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarıqlarının artırılmasına yardımçı olmaqdan ibarətdir.Onun məlumatına görə, layihə çərçivəsində Astaranın müxtəlif məktəblərində çalışan 25 nəfər məktəb psixoloqu üçün rayonda yerləşən Şindan otelində 3 gün davam edəcək maarifləndirici təlim kursu təşkil olunmuşdur. Qeyd edək ki, bu Rövşən Bağırovun  təhsillə bağlı Astara rayonuna gətirdiyi üçüncü layihəsidir.
Tədbirdə Astara rayon Təhsil Şöbəsinin Metodkabinetin direktoru Emin Fətəliyev çıxış edərək, nazirliyin qrant müsabiqəsinin əhəmiyyətindən və belə bir layihənin rayonun ümumtəhsil məktəblərində çalışan psixoloqlarının bilik və bacarıqlarının   artırılmasında böyük bir təcrübə olacağını qeyd etdi.
Daha sonra təlimçi-psixoloq, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı təlimi davam etdirir. Təlimçi 3 gün ərzində məktəb psixoloqlarına müasir praktik psixoloji xidmətin aktual məsələləri, təhsildə psixoloji xidmətin məqsədi,vəzifələri və xüsusiyyətləri, məktəb psixoloqunun peşə fəaliyyəti və sənədləşdirmə, psixoprofilaktika,psixodiaqnostika, psixoloji konsultasiya, psixokorreksiya, psixoloji konsilium mövzularını tədris edəcək və təlimin yekun qiymətləndirilməsi aparılacaqdır. Təlimdə müzakirələr,qrup işləri, təqdimatlar kimi müasir təlim üsullarından geniş istifadə olunur.
Təlim kursu öz işini uğurla davam etdirir. Kursun sonunda hər bir iştirakçıya rayonda fəaliyyət göstərən və layihənin tərəfdaş təşkilatı olan Gənclərin Sosial İnkişafına Dəstək (GSİD) ictimai birliyi tərəfindən  Sertifikat təqdim olunacaqdır.

Lyihənin informasiya dəstəkçiləri: Astarainfo.az, Djb.az, Millixeber.az, Lenkaranxeber.info

Astarainfo.az